Təkcə cari il ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşımızı əhatə edən böyük bir islahatlar paketi icra olunub.
“Terefsiz.az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
Nazir bildirib ki, bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib.
“Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşımızı əhatə edib və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Son dörd il ərzində 3 sosial islahat paketi ilə 4 milyon vətəndaşımız əhatə olunub. Onlar üçün illik 6 milyard manatlıq əlavə dövlət vəsaiti ayrılıb və nəticədə Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Əməkhaqqı fondu 2,2 dəfə, əhali arasında gəlirlərin bölgüsünün ədalətlilik göstəricisi olan median əməkhaqqı 86 faiz artıb”, – S.Babayev bildirib.