Son zamanlar ölkəmizdə meşə yanğınlarının geniş vüsət alması düşündürücüdür. Ötən il bu zamanlarda da Azərbaycanın bölgələrində də yanğınlar bu cür intensiv xarakter almışdı.
Səbəb nədir? Təxribat? Təbii səbəblər? İnsanların savadsızlığı yoxsa dövlət orqanlarının tədbirsizliyi?
Aparılmış araşdırmalar və müşahidələr onu deməyə əsas verir ki, ölkəmizdə meşə yanğınları əsasən antropogen amillərin təsirindən baş verir. Bunu “Trend”ə açıqlamasında Dövlət Yanğın Nəzarəti Xidmətinin, dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev deyib.
Onun sözlərinə görə, meşə və meşəətrafı yaşayış məntəqələrində, əkin sahələrində, istirahət və digər məqsədlər üçün meşələrə üz tutan vətəndaşların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, odla ehtiyatsızlığı, qadağan edilmiş qanunsuz odun kömürü istehsalı məqsədilə ocaqxanaların təşkili və çox təəssüf ki, qəsdən törədilmiş yanğınlar meşələrdə yanğınların baş verməsi ilə nəticələnir.
“Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən xidmətin rəhbərliyinin müvafiq əmri əsasında meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilmiş yoxlamalar və araşdırmalar nəticəsində meşə və meşəətrafı ərazilərdə qanunsuz odun kömürü istehsalı məqsədilə təşkil edilmiş ocaqxanalar aşkar edilib”, – C.Xudiyev deyib.
Şöbə rəisi bildirib ki, 2021-ci ildə 23 ədəd, 2022-ci ildə isə 9 ədəd qanunsuz ocaqxana fəaliyyəti aşkar edilib. “Eyni zamanda 2022-ci ilin ötən dövrü ərzində aparılmış məqsədyönlü araşdırmalar zamanı 6 ünvanda ərazilərin qəsdən yandırılması faktları aşkar edilib, həmin şəxslər barəsində müvafiq tədbirlər görülərək toplanmış materiallar aidiyyəti üzrə məsələyə hüquqi-qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilib”, – deyə o qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə mediaya açıqlamasında bildirib ki, son günlər baş verən yanğının səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılsa da, yanğın hadisəsinin başvermə səbəbləri havanın isti və quraq keçməsi, təbiət qoynunda istirahət edən turistlərin ehtiyatsız davranmasıdır: “Biz əhaliyə xəbərdarlıq etmişdik ki, qızmar yay günlərində meşələrdə yanğın təhlükəsi artır. Ona görə meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər. Bəzən söndürülməmiş siqaret kötüklərini ətrafa atır, yanğına rəvac verirlər. Meşədə dincələn insanlar odla ehtiyatlı davranmalıdırlar”.
İ.İbrahimova deyir ki, meşə yanğınları meşə ətrafındakı kəndlərin sakinləri və onların təsərrüfatları üçün də təhlükə yaradır: “Ona görə də taxıl sahələri biçildikdən sonra yandırılması ilə mübarizədə kənd sakinləri fəal olmaldırlar. Biçilən sahələrin yandırılması yanğınların baş verməsinə səbəb olur”.
Qlobal istiləşmə isə 2022-ci ildə ötən illə müqayisədə daha çox meşə və yaşıllıq sahələrinin məhv olmasına yol açıb. “Situasiya biz təsəvvür etdiyimizdən də ağırdır”, – deyə Avropanın meşə təhlükəsizliyi sisteminin koordinatoru Jesus San Migel söyləyib.
Avropa Komissiyasının rəsmi nümayəndəsi Balaş Uyvari 2022-ci ilin əvvəllərindən bu günə qədər Avropa İttifaqının 27 ölkəsinin ərazisində 700 min hektardan artıq ərazinin yanaraq külə çevrildiyini söyləyib.
Son 10 gün gündə ölkənin bəzi bölgələrində – şimal və şimal-qərb rayonlarında meşə və yaşayış massivlərində yanğınlar başladı. Bəzi yerlərdə alovun qarşısı artıq alınsa da, bəzi yerlərdə yanğınlar davam edir. Eyni zamanda bu günlərdə cənub bölgəsində də güclü yanğın baş verdi. Cəlilabadda Göytəpə bazarı yanıb kül oldu. Eyni gündə cənub sərhədinə yaxın ərazidə – Biləsuvarda ovçuluq təsərrüfatında da güclü yanğın oldu.
Yanğınların səbəbləri barədə ekspertlər bildirir ki, istənilən halda bu, insan amili ilə bağlıdır. Yəni ya kimsə ocaq qalayır, yaxud restorandan od düşür və s. Həmçinin, havaların isti keçməsinin də yanğınları şiddətləndirdiyi bildirilir.
Eyni zamanda bəzi ekspertlər təxribat variantlarına da diqqət çəkir. Belə ki, yanğınlar şimal və cənub bölgələrində – sərhədə yaxın ərazilərdə baş verdiyindən belə iddialar səslənməyə başlayıb ki, bunu xarici təxribatçı qruplar da edə bilər. Bunu Azərbaycanın geosiyasi üstünlüklərinin zəiflədilməsi cəhdi, Azərbaycana xəbərdarlıq kimi də dəyərləndirənlər var. Bu iddialarda həqiqət payı varmı? Yoxsa bu yanğınlarda hansısa siyasi məqsəd axtarmaq lazımsızdır?
Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, ölkə ərazisində bir-birini əvəzləyən yanğınları təsadüfi hesab etmir: “Azərbaycanda 50-55 dərəcə isti yoxdur ki, hər tərəf alışıb yansın. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yerlərdəki qurumlarının yarıtmaz fəaliyyətinin nəticəsidir. Qəribə də görünsə, bu qurumlar ilin 365 gününü yola verməklə məşğul olurlar. Ən azı ilin yarısını ərazilərindəki təşkilatlarda, müvafiq qurumlarda, bələdiyyələrdə, icra strukturlarında, xəstəxanalarda maarifləndirmə işi aparmalıdırlar. Bundan başqa KİV-lərdə də yanğından mühafizə olunma yolları, yanğına qarşı mühafizə yolları haqda məlumatların yayılması təşkil olunmalıdır. Amma biz nə görürük? Yanğınlar ölkəni başına götürəndən sonra general-leytenant Etibar Mirzəyev xalqa müraciət edir. Toydan sonra nağara kimə lazımdır? Bu müraciət may ayına qədər olmalı idi. Əhaliyə xəbərdarlıq olunmalı idi ki, qarşıdan yay ayları gəlir, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalıdır. Təlimlər keçirilməli, meşə zolaqlarına yaxın ərazilərdə yaşayan əhali ilə müvafiq iş aparılmalı idi. Sənəd üzərində bütün bunlar olub. Sənədlərə baxsaq, görülmüş işlərə bağlı hesabatlara həsəd apararıq. Reallıq isə bu gün gördüyümüz kimidir, ölkə alovun içindədir”.
Üzeyir Cəfərov: “Yanğınların harada, nə vaxt başlamasını peyk vasitəsi ilə müəyyən etmək olar”
Üzeyir Cəfərov deyir ki, FHN Yanğından Mühafizə Xidmətinə işə qəbulda meyar peşəkarlıq deyil, dost-tanış olmaqdan keçir: “Araşdırılsa, bilinəcək ki, işə götürülənlərin 70 faizi dost-tanışlığa görə oradadır. Xidmətdə günləri nərd-domino oynamaqla keçir. Sumqayıtdakı Texnologiyalar Parkında dəhşətli yanğın oldu. Yanğının qarşısını çox çətinliklə aldılar. Şabranda, Siyəzəndə, Xaçmazda yanğının qarşısının alınması kadrlarına baxırıq. Etibar Mirzəyev deyir ki, 800 nəfər şəxsi heyəti cəlb etmişik, yanğınla mübarizə aparırıq. Nə ilə cəlb etmisiz? Dezinfeksiya aparatları və bel ilə yanğın söndürürlər? Bir tərəfdən helikopterləri qaldırırlar, amfibiya təyyarə uçururlar, bu tərəfdən də ”lapatkalı” şəxsi heyəti çıxarırsan alovun qarşısına. O, nazirin dostu-tanışı ola bilər, amma bu işi bilmir. Necə ki, Gömrük Komitəsinə yığmışdılar eyni kənddən, eyni rayondan olanları, burada da dost-tanışı yığıblar. Belə iş görmək olmur. Yanğının qarşısına dost-tanışla çıxanda belə nəticələr olur“.
Üzeyir Cəfərov deyir ki, Yanğın Mühafizə Xidmətində baş verənlərdən sonra xidmət rəisi Füzuli Əsədov dərhal işdən çıxarılmalı idi: “Ölkədə yanğınlar baş verir, bu adamların başı nə işlərə qarışıb? Gizli video çəkirlər! Əlbəttə ki, belə münasibətlər sistemi olan xidmətdə iş olmaz. Adamların başı eyş-işrətə qarışıb. Rayonlarda maarifləndirmə işi niyə real olaraq aparılmır? Çünki işin başını buraxıblar, öz keflərindədirlər. 3 min şəxsi heyət əvəzinə 1500 nəfər saxlasınlar, əvəzində yanğınla mübarizə üçün müasir texnika alsınlar. Amfibiya təyyarələrin sayını artırsınlar. Qalan yanğınsöndürənlər gecə-gündüz məşq etməlidirlər. Daim hazır vəziyyətdə olmalıdırlar”.
Üzeyir Cəfərov yanğının qəsdən törədilməsi ilə bağlı fikirlərə də toxunub: “Bəlkə ermənilər, Azərbaycanı istəməyən güclər ölkədə bu cür qarışıqlıq yaradırlar. Azərbaycanda xeyli ermənilər, onların qohumları yaşayır. Onlar da təşkil edə bilərlər. Yanğınların harada, nə vaxt başlamasını peyk vasitəsi ilə müəyyən etmək olar. Bunun üçün işə professional yanaşma olmalıdır. Biz isə bunu görmürük”.
Üzeyir Cəfərov deyir ki, Zaqatala, Lerik, Gədəbəy, Xaçmaz, Quba rayonları meşələrlə zəngindir və bu rayonlarda yay aylarında gücləndirilmiş iş rejimi tətbiq edilməlidir: “Bayramda elan edirlər ki, gücləndirilmiş iş rejiminə keçirik. Guya gücləndirilmiş iş rejimində 1 vedrə əvəzinə iki, 1 bel əvəzinə ikisini götürürlər. Yaxalarında o qədər orden-medal asırlar ki, elə bil Şimali Koreyadan qaçıblar. İş əmsalı isə olduqca aşağıdır. Belə bir vəziyyətdə ölkənin hər tərəfinin yanması da təəccüblü olmamalıdır”.
İlham İsmayıl: “Bu yanğınlarda “Azərbaycana xəbərdarlıq edilməsi” versiyalarına inanmıram”
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, bu gün dünyanın bir çox ölkələrində yanğınlar meydana gəlib: “Fransa, Portuqaliya, İspaniyada meşələrdə yanğınlar davam edir. Bu il xüsusi quraqlıq nəticəsində yanğınlar geniş əraziləri əhatə edir. Azərbaycan düşmənli dövlətdir deyə, Ermənistan və başqa qonşularımızın bizə düşmən meyqeyində olmalarına görə adi təbiət hadisəsində də gümanımız düşmənlərimizə gedib çıxır. Bəlkə onlar yandırır deyə düşünürük. Yanğınlarda, təbii ki, insan faktoru var. Mümkündür ki, təbiəti bəhanə edib kimsə, kiminləsə öz qəsdini, heyfini ərazisinə od vurmaqla çıxsın. Burada terror izi axtarmaq yersizdir. Mən şəxsən bu yanğınlarda Azərbaycana xəbərdarlıq edilməsi, çəkindirici amil kimi yanğından istifadə versiyalarına inanmıram. O dövlətlər ki, burada əlləri uzundur, müəyyən işlər görə bilərlər, yanğından çəkindirici faktor kimi istifadə etmələri ən son addımdır. Misal üçün Sürməli bazarında olduğu kimi olaylar törətmələri daha inandırıcıdır. Zamanında Azərbaycanda terror aktları, qətllər, siyasi qətllər törədilib. Bazarın, meşənin yanması çəkindirici faktorlar deyil”.
Ekspert deyir ki, Azərbaycanda baş verən yanğınlardan əvvəl maarifləndirmə işi aparılmalı idi: “Qabaqlayıcı proflaktik tədbirlər görülməli idi. Bu işləri Fövqəladə Hallar Nazirliyi görməlidir. Lakin FHN-in başı da ayrıca qalmaqallara qarışıb. Nəticədə də ölkədə yanğınlar böyük əraziləri əhatə edir”.
Nəticə
Ekspertlərin rəyi və yanğınların baş vermə vaxtı və statistikasına əsasən deyə bilərik ki,yanğınların baş verməsində 1-ci səbəb insan faktorudur.İnsanların yaşadığı və ya dincəldiyi yerlərdə ehtiyyatsızlığı istəmədən və ya qəsdən təbiətə və ekologiyaya verdiyi ziyanlar bu yanğınların artmasına gətirib çıxarır.
İkinci səbəb isə FHN,Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi önəmli qurumların daim profilaktik tədbirlər keçirməməsi,vətandaşları məlumatlandırmaması və ya bu monitorinqlərin intensivliyinin azlığıdır.
Meşə yanğınları baş verən yerlərin çoxu dağlıq yerlərdir və həmin yerlərin bir çoxunda qaz,istilik və su xətti kimi problemlər var.Xüsusi ilə təbii yanacaq olmayan yerlərdə insanlar ağacları kəsir,həmçinin meşəyə yaxın ərazilərdə ot tayalarının yandırılması və insanların təbiəti xüsusi ilə plastik materiallarla kirləndirməsi də biraşa təbiəti və ekologiyanı məhv edən amillərdir.
Bu yerlərdə yaşayan insanlar təbiətə ziyan vurmaq yerinə bu problemlərin həll olunması üçün haqqlarını tələb etsələr hər halda təbiətə vurulan ziyanlar qat-qat azalar.Dövlət və xalq ölkəmizi və təbiətimizi qorumaq üçün birlikdə daha ağıllı addımlarla hərəkət etməlidir.Yoxsa dünyada baş verən Qlobal İstiləşmə daha da artacaq və gələcəkdə övladlarımıza,nəvələrimizə yaşanacaq bir yer saxlaya bilməyəcəyik…