Lənkəran “Avropa İttifaqı Mədəniyyət naminə” qrant müsabiqəsinin qalibi olub

0
1947

Lənkəran “Avropa İttifaqı Mədəniyyət naminə” (EU4Culture) qrant müsabiqəsinin qalibi olub.

“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, bu məqsədlə təqdimat mərasimi keçirilib.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, tərəfdaş ölkələrin səfirliklərinin nümayəndələri, “EU4Culture” layihəsinin komanda heyəti iştirak edib.

Qeyd edilib ki, layihə Avropa İttifaqı (Aİ) tərəfindən Höte İnstitutunun koordinasiyası ilə Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-paytaxt şəhər və qəsəbələrində mədəniyyət və yaradıcı sektoru dəstəkləmək məqsədilə həyata keçirilib.

Ümumi büdcəsi 40 milyon avro olan “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) qrant müsabiqəsi 2021-ci ilin iyun ayında elan olunub.

Bu layihə Avropa İttifaqı tərəfindən hazırlanan ən böyük mədəniyyət proqramlarından biridir.

Müsabiqədə Azərbaycan üzrə səkkiz şəhər – Lənkəran, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Şirvan, Xırdalan və Şəki şəhərləri iştirak edib.

Layihə çərçivəsində Aİ-nin dəstəyi ilə ötən aylar ərzində bu şəhərlərin mədəniyyətinin inkişafına yönəlmiş mədəniyyət inkişaf strategiyaları hazırlanıb. Üç mərhələdən ibarət olan və bir neçə ay davam edən müsabiqənin ölkə üzrə qalibi Lənkəran şəhəri seçilib.

Qalib seçilmiş şəhər üçün yazılmış strategiyanın icrasına Aİ tərəfindən 300 min avroya qədər vəsait ayrılıb.

Maliyyə dəstəyi ilə yanaşı, həmçinin qalib şəhərin mədəniyyət sahəsində potensialının gücləndirilməsinə yönəlmiş dəstək və təlim proqramları keçiriləcəkdir. Strategiyanın icra müddəti 2 il müəyyənləşdirilib.

terefsiz.az