KİV: “İranda dronların Rusiyaya ötürülməsi ilə əlaqədar daxili parçalanma başlayır”

0
77

İranda Rusiyaya kamikadze pilotsuz uçan aparatların tədarükü fonunda daxili qarşıdurma başlaya bilər. Ölkənin ictimai xadimləri açıq şəkildə Rusiyaya bu ixracın əleyhinədirlər.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Məlumata görə, tanınmış mühafizəkar din xadimi və İran qəzetinin redaktoru Məsih Mohaceri yazıb ki, ölkəsinin hökuməti Rusiyaya beynəlxalq normalara riayət etməyi, müharibədə İran istehsalı olan dronlardan istifadəni yasaqlamaq, Ukrayna ilə münasibətləri isə daha sıx saxlamaq tövsiyə etməlidir.

“Niyə Ukraynada müharibə başlayandan sonra Rusiyaya demədiniz ki, Ukraynadakı müharibədə onun İranın dronlarından istifadə etmək hüququ yoxdur? Bundan başqa, Rusiyanı müharibəni başladığına görə pisləmədiniz və niyə bu şər müharibəyə son qoymaq üçün iki tərəf arasında vasitəçilik səylərinizi ikiqat artırmadınız?”, – M.Mohaceri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana müraciət edib.

Ruhani onu da vurğulayıb ki, Tehran hökumətinin İranın xarici siyasətinin əsas prinsiplərinə zidd olan Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişməyə hələ vaxtı var:

“İranın Ukraynadakı müharibə ilə bağlı edə biləcəyi ən az şey əvvəlcə hər iki tərəflə danışıqlar aparmaq, onları atəşkəs və müharibənin dayandırılması ilə razılaşmağa inandırmaq üçün vasitəçilik komitəsi yaratmaq ola bilərdi. Müharibənin başlanmasının ilk günlərində, Tehran Moskvaya elan edə bilərdi ki, onun Ukraynadakı müharibədə İranın verdiyi dronlardan istifadə etmək hüququ yoxdur”.

Eyni zamanda, İranın Moskvadakı keçmiş səfiri Nemətullah İzadi İran Xarici İşlər Nazirliyinin rəhbərinin son bəyanatını izah edərək deyib ki, diplomatlar bu ölkənin hərbi rəhbərliyinin Rusiyanın Ukraynada işğala başlamasından sonra Moskvaya dronlar tədarükünün təşkilindən xəbərsiz ola bilərdilər.

Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyaya dronlar verdiyini, lakin bunu Rusiyanın genişmiqyaslı işğalından bir neçə ay əvvəl etdiyini etiraf edib.

Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko buna cavab olaraq vurğulayıb ki, Ukrayna yalnız faktlara güvənməyə öyrənib.

Ukrayna Prezidenti Volodimir Zelenski iranlı nazirin sözlərinin yalan olduğunu bildirib. O qeyd edib ki, terrorçulardan və ya onların ortaqlarından heç biri cəzasız qalmayacaq.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak isə dron istehsal edən İran zavodlarına zərbə endirməyi təklif edib.

terefsiz.az