Qətərdə keçirilən dünya çempionatının C və D qrupunda ilk tura yekun vurulub.
Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk matçına çıxıb.
Lionel Skaloninin baş məşqçi olduğu komanda I turda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.
Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı cənubi amerikalılar açıblar. 10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib. İkiqat dünya çempionu fasiləyə öndə yollanıb.
Səudiyyə Ərəbistanı yığması fasilədən sonra gözlənilmədən iki qol vurub. 48-ci dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib. 53-cü dəqiqədə Salem Al Davsari komandasını önə keçirib.
Beləliklə, Argentina DÇ-2022-yə məğlubiyyətlə start verib. Qrupun digər oyununda Meksika və Polşa yığmaları üz-üzə gəliblər. Qarşılaşmada hesab açılmayıb.
C qrupunun ilk matçında gözlənilmədən Argentina millisinə qalib gələn Səudiyyə Ərəbistanı, hazırda turnir cədvəlinə 3 xalla ərəblər başçılıq edir. Meksika və Polşa hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Argentina seçməsi isə sonuncudur.
Qətərdə keçirilən dünya çempionatının D qrupunun açılış oyununda Danimarka millisi Tunisi sınağa çəkib.
“Edyukeyşn Siti” stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, bu qrupun digər matçında son dünya çempionu Fransa Avstraliya ilə qarşılaşıb.
“Terefsiz.az”ın məlumatına görə, qrupun 2-ci oyununda Fransa millisi Avstraliyanı darmadağın edib – 4:1.
Hesabı 9-cu dəqiqədə Kreyq Qudvinin vurduğu qolla avstraliyalılar açıblar. 27-ci dəqiqədə Adrian Rabyo tarazlığı bərpa edib. 32-ci dəqiqədə Olivye Jiru fransalıları hesabda önə keçirib. 68-ci dəqiqədə Kilian Mbappe 3-cü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 71-ci dəqiqədə Jiru qoyub.
Bu nəticədən sonra son dünya çempionu Fransa 3 xalla turnir cədvəlinə başçılıq edir. Danimarka və Tunis hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Avstraliya isə sonuncu sırada qərarlaşıb.