Qətərdə keçirilən dünya çempionatının E və F qruplarında I tur matçları oynanıb.
“Terefsiz.az”ın məlumatına görə, E qrupunun ilk oyununda sensasiya qeydə alınıb. Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
Hesabı 33-cü dəqiqədə Bundestimdən İlkay Gündoğan açıb. İngiltərənin “Mançester Siti” klubunda çıxış edən yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda əzmkarlıq nümayiş etdirən Asiya təmsilçisi 2 qol vuraraq, sensasiyaya imza atıb. 75-ci dəqiqədə Ritsu Doan hesabı bərabərləşdirib. Cəmi 8 dəqiqə sonra isə Takuma Asano görüşdə son nöqtəni qoyub.
İspaniya millisi dünya çempionatına darmadağınla başlayıb.
E qrupunun ilk turunda Kosta Rikanı sınağa çəkən Avropa təmsilçisi 7:0 hesablı qələbə qazanıb.
Hesabı 11-ci dəqiqədə Dani Olmo açıb. Bu, ispaniyalıların mundiallarda 100-cü qolu kimi tarixə düşüb. 21-ci dəqiqədə Marko Asensio 2-ci topu Kosta Rikanın qapısından keçirib. 31-ci dəqiqədə Ferran Torres penaltini dəqiq yerinə yetirib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 54-cü dəqiqədə dubl edib. 74-cü dəqiqədə Qavi fərqlənib. 90-cı dəqiqədə Karlos Soler Kosta Rikanı 6-cı dəfə meydanın mərkəzinə dəvət edib. 90+2-ci dəqiqədə isə Alvaro Morata yekun hesabı müəyyənləşdirib.
I turdan sonra İspaniya və Yaponiya kollektivlərinin 3 xalı var. Almaniya və Kosta Rika seçmələri isə xalsızdır.
F qrupunun ilk oyununda isə Mərakeş və Xorvatiya komandaları üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qrupun ikinci oyununda Belçika millisi Kanada ilə qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. 44-cü dəqiqədə fərqlənən Mişi Batşuayi “qırmızı şeytanlar”a qələbə qazandırıb. 11-ci dəqiqədə Şimali Amerika təmsilçisindən Alfonso Deyvis penaltidən yararlana bilməyib.
I turdan sonra Belçika 3 xalla qrupa başçılıq edir. Hərəyə 1 xalı olan Xorvatiya və Mərakeş yığmaları 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Kanada isə sonuncudur.
terefsiz.az