Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Baş katibə məktub ünvanlayıb

0
60

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin təşkilatın Baş katibinə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

“Terefsiz.az” xəbər verir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyevin Baş katibə ünvanladığı məkubda Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinə minaların yerləşdirilməsinin davam etməsi ilə bağlı faktlar təqdim olunub.

“Ermənistan minaların yerləşdirilməsini davam etdirməklə və əvvəllər işğal olunmuş Azərbaycanın tarixi torpaqlarında bütün minalanmış sahələr haqqında dəqiq və hərtərəfli məlumatları bölüşməkdən imtina etməklə, qəsdən insan həyatını hədəfə alır və münaqişədən sonrakı reabilitasiya, bərpa və humanitar səylərə, eləcə də köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə geri qaytarılmasına mane olmağa çalışır. Nəticədə münaqişədən sonrakı son iki ildə 260-dan çox azərbaycanlı mülki və hərbi qulluqçu mina partlayışları nəticəsində həlak olub və ya yaralanıb”, – diplomat qeyd edib.

Məktubda Ermənistanın bu hərəkətlərinin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu bildirilib və bunu törədənlərin məsuliyyətə cəlb olunması tələb edilib: “Ermənistan mina terrorizminə son qoymalı və bu kimi əməllərindən əl çəkməli, beynəlxalq hüquq normalarına uyğun olaraq qeyri-qanuni əməlləri nəticəsində dəymiş zərəri ödəməli, xəsarət alan vətəndaşlara tam təzminat verməli və bu kimi əməllərin təkrarlanmaması üçün müvafiq təminat verməlidir”.

Səfirin sözlərinə görə, regionda insanların həyatını xilas etmək, sülhün və inkişafın təminatı, minatəmizləmə səylərinin daha da gücləndirilməsi üçün Azərbaycana beynəlxalq dəstəyin artırılması da vacibdir.

Məktubda işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə prosesindən fotolar və aşkar edilmiş minaların növləri təqdim olunub.

terefsiz.az