Sol Sahil kanalında təmir-tikinti və quraşdırma işləri gələn il tamamlanacaq

0
66

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Tərtər rayonundakı Sol Sahil magistral suvarma kanalının təmir-tikinti və quraşdırma işlərini gələn ilin oktyabr ayında tamamlayacaq.

“Terefsiz.az” xəbər verir ki, bunu kanalda görülən işlərlə tanışlıq üçün təşkil edilmiş mediaturda səhmdar cəmiyyətinin Tərtər Hidroqovşaq İstismar İdarəsinin rəisi Emin Hacıyev bildirib.

O, işlərə 15 gün öncə başlanıldığını qeyd edib.

“Uzunluğu 22,4 kilometr olan bu kanal Goranboy, Yevlax, Bərdə və Tərtər rayonlarının kəndlərini su ilə təmin edəcək. Onunla ümumilikdə 29 min hektar sahəni suvarmaq mümkün olacaq. Bunlar taxıl, pambıq, günəbaxan, şəkər çuğunduru, bostan bitkiləri sahələridir. Mənbəyini Suqovuşan su anbarından götürən bu kanal əvvəllər də mövcud olub. Sadəcə Birinci Qarabağ Müharibəsindən sonra ona su gəlməyib. Suqovuşan su anbarı da bizim nəzarətimizdə olmadığı üçün kanalın aşağı hissəsində su olub. Bu hissəyə suyu Xanarx torpaq kanalından vermişik. Kanalın yuxarı hissəsi olan 5 250 metrlik Sağ Sahil magistral kanalı da paralel təmir edilib. Bunların hər ikisi üzrə işlər eyni vaxtda tamamlanacaq”, – deyə o qeyd edib.

terefsiz.az