Rusiya İrandan “Şahid” zərbə PUA-larının yeni partiyasını alıb.
“Terefsiz.az” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) nümayəndəsi Andriy Yusov ümum-Ukrayna telemarafonunun canlı yayımında bildirib.
“Bəli, bu yeni partiyadır, lakin “Şahid”lərin ilkin kütləvi istifadəsi ilə müqayisədə bu, açıq şəkildə daha kiçikdir. Biz indi sayı şərh etmirik, amma görürük ki, məsələn, dünənki kütləvi terror raket zərbələri zamanı “Şahid”lərdən istifadə olunmayıb. Bütün digər mövcud vasitələrdən, bütün raket silahlarından istifadə edilib”.
İran istehsalı ballistik raketlərə gəldikdə isə, Yusovun sözlərinə görə, kəşfiyyat Rusiya Federasiyası ilə İran arasında ilkin razılaşmalardan və təcavüzkarın bu raketləri əldə etmək üçün göstərdiyi fövqəladə səylərdən xəbərdardır:
“Bu günkü duruma əsasən Ukraynada istifadə üçün Rusiyada İran istehsalı ballistik raket görməmişik. Ancaq belə bir ehtimal var”.
Xatırladaq ki, hələ iyul ayında KİV-də İranın Rusiyaya “Şahid” pilotsuz uçuş aparatlarını satdığına dair məlumat yayılmışdı.
Avqustda ABŞ-ın “The Washington Post” nəşri İran istehsalı “Mühacir-6” və “Şahid” PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını bildirmişdi.
Sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi İran istehsalı olan ilk PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı.
Oktyabrın 3-də Ukrayna Müdafiə Nazirliyi hərbçilərinin Rusiya Silahlı Qüvvələrinin İran istehsalı olan “Mühacir-6” PUA-sını endirdiyini elan etmişdi.
Oktyabrın 28-də həmin dronlarda digər ölkələrlə yanaşı ukraynamənşəli komponentin aşkarlandığı açıqlanmışdı.