Sülh müqaviləsi niyə imzalanmadı? – “Onları qızışdıran var”

0
94

Terefsiz.az Politoloq Qabil Hüseynlinin “Yeni Sabah”a müsahibəsini təqdim edir:

– Yeni ildən öncə Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsinin 2022-ci ilin sonunda imzalanacağına dair fikirlər səsləndirirdilər. Lakin hazırda sülh müqaviləsi gündəmdən çıxıb. Bunun təqsirkarı kimdir?

– Birmənalı olaraq, Ermənistan, xüsusilə də Ermənistanın Baş naziri Nikol Paşinyan. Sülh müqaviləsinin imzalanmasına çox yaxın olan bir vaxtda erməni tərəfinin Fransanı vasitəçi qismində təkid etməsi ona qədər aparılmış bütün işləri korladı.

Həmçinin, siyasi təcrübəsi ilə öyünə bilməyən və kifayət qədər intriqaçı Fransa prezidenti Emmanuel Makron bu işləri pozdu. Yəni Praqa görüşündə dilini bir qədər dinc saxlamağı bacaran Makron, Praqa görüşündən sonra Azərbaycanın əleyhinə heç bir diplomatik-etik qaydaları, nəzakət formalarını gözləmədən hədyanlar söylədi. Üstəlik, Fransa parlamentində Azərbaycan əleyhinə düşmənçiliklə dolu, habelə Azərbaycandan neft-qazının alınmaması ilə bağlı sarsaq və səfeh fikirlər səsləndirildi. Bundan sonra da Fransa proseslərdə iştirakı ilə əlaqədar mənəvi haqqını itirdi. Daha sonra isə Azərbaycan Prezidenti Fransanın olacağı məclisdə iştirak etməyəcəyini bəyan etdi. Bundan əvvəl isə Nikol Paşinyan “Fransasız hər hansı bir sülh danışığı ola bilməz” kimi səfeh bir fikir səsləndirdi.

– Yəni deyirsiniz ki, aranı qarışdıran Fransa oldu…

– Sözsüz ki, belədir. Bütün məqamlarda görmüşük ki, Azərbaycan sülhə tərəfdar olub, sazişin tezliklə bağlanmasını istəyib. Baş nazir Paşinyan prosesi sözdə dəstəkləsə də, əməldə buna imkan yaradacaq bütün şərtləri aradan qaldırdı. Buna görə də, özünün dediyi kimi, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması haqqında verdiyi bəyanat reallıqda özünü doğrultmadı. Bu, eləcə də bölgədə olmayan, amma dünya siyasətində müəyyən rolu olan dövlətlər sülhün imzalanmasına mane oldu. Buraya müəyyən dərəcədə Fransa və Rusiyanın bir sıra siyasi dairələri aiddir.

İndi Ermənistan yenidən sülh sazişi ilə bağlı məsələlərə sanki start verilmək istəyir. Burada da gündəmdə yenidən kimin vasitəçiliyi ilə sülhün bağlanması məsələsi gələcək. Güman edirəm ki, bu məsələdə Azərbaycan yenə də özünün konstruktivliyi ilə fərqlənəcək, qəbul edilməsi mümkün olan şərtlər irəli sürəcək. Ermənistan tərəfi də yenidən aranı qatan müxtəlif təkliflər irəli sürəcək və sülhyaratma prosesi ilə dayanıqlı sülh sazişinin imzalanması prosesini ləngidəcək. Amma hər halda, 2023-cü il böyük ümidlər ilidir.

– Ermənistan mətbuatı sülh müqaviləsinin imzalanmasının gündəmdən düşməsindən sonra tez-tez iddia edir ki, Azərbaycan müharibəyə hazırlaşır və s. Erməni tərəfinin son dönəmlər belə qorxuya düşməsinin səbəbi nədir?

– Çox sadə: öz əməlləri. Onlar separatçıların əməllərinə niyə diqqət vermirlər?! Rusiyanın emissarı burada meydan sulayır, Azərbaycanı ələ salır, təhqiramiz ifadələr işlədir. Niyə buna susurlar?! Dünya birmənalı qaydada Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər bu ərazinin içərisində Ermənistan silahlı qüvvələrinin ən az 10 mindən yuxarı əsgərləri, tör-töküntüləri qalırsa, Azərbaycan nə etməlidir?! Deyəsən, onların ağızları dediklərini qulaqları eşitmir. Belə olan halda da hər dəfə Azərbaycan cavab tədbirləri görmək məcburiyyətində qalır.

Sual edirəm: üçtərəfli müqaviləsinin 4-cü müddəasını yerinə yetirməkdən kim imtina edir?! Əlbəttə, Ermənistan! Separatçıları kim qızışdırır?! Yenə də Ermənistan və Rusiyanın müəyyən dairələri! Bəs yaxşı, Azərbaycan Konstitusiyasına uyğun olaraq nizamlanması haqqında fikirləri kim söyləmişdi? Yenə də Nikol Paşinyan. İndi ayaqları yer alan kimi dediklərindən qaçırlar. Sanki 1-2 ay bundan qabaq söylədiklərini hava deyirlərmiş və onun hər hansı bir məcburedici əhəmiyyəti yoxdur.

– Axı müharibə ab-havası hələ də mövcuddur?

– Ona görə də bunun qarşısını almaq üçün proseslər nizama düşə bilər və bu, mütləq də düşməlidir. Azərbaycan müharibə istəmir. Amma hərbə hazırıq. Lazım olanda irimiqyaslı müharibə olmasa da, lokal xarakterli əməliyyatlar həyata keçirəcək. Oralar əzəli torpaqlarımız olsa da və indi orada Ermənistan deyilən bir dövlət qurulsa da, Ermənistanın ərazi bütövlüyünü qəbul edirik və oraya qarşı 1 metr də iddiamız yoxdur. Amma Ermənistan da bizim ərazi bütövlüyümüzü tanımalıdır və bu tanınma sözdə deyil, əməldə həyata keçirilməlidir. Ermənistan separatçıları qızışdırmaq və onlara dəstək verməkdən əl çəkməlidir. Həmin ərazidə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına ən azından dəstək vermirsə, heç olmasa neytral qalmalıdır. Lakin biz Ermənistandan bu davranışları görmürük. Ona görə də nə edilirsə, hamısı Ermənistan və onun hamiləri tərəfindən edilir. Bu mənada da sülhyaratma prosesi ləngiyir.

– Baş nazir Nikol Paşinyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Naxçıvana gedən yolların açılmasından danışıb. Ermənistan siyasi rəhbərliyinin belə bir fikir səsləndirməsi onun sülhə meylli olmasıdır, yoxsa Paşinyan administrasiyası yenə də hər hansı bir blef etməyə çalışır?

– Onlar indiyə qədər blef ediblər. İndiyə qədər Qazax, yaxud Kəlbəcər istiqamətində yolun açılması barədə şərtlər irəli sürüblər. Bunların hamısı dünya ictimai rəyinə oynamaq əlamətidir. Sovet hakimiyyəti illərində Naxçıvana ən yaxın yol Arazboyu dəmiryolu və şosse yolu olub. İndi bunlar bu yolu uzatmaqla nə etmək istəyirlər?! Azərbaycanlılar Naxçıvana getmək üçün bütün Ermənistanı gəzib daha sonra keçib getməlidir?! Əgər Nikol Paşinyan sağlam düşüncə tərzinə malikdirsə, o, başa düşməlidir ki, bu məsələnin praktiki həlli yolu var.

Lap yaxşı, dəhliz olmur, yol olsun. Onda Laçından keçən dəhliz də adi bir yol olacaq. Yox, orada dəhlizə razı olacaqsınızsa, biz də yəqin ki, Laçın yolunun dəhliz statusuna malik olmasına çalışacağıq. Amma həmin dəhliz də siz gömrük yoxlamaları aparmaq istəyirsinizsə, biz də Laçın yolunda eyni cür hərəkət edəcəyik. Yəni suverenliyimizi təmin edən tələblərin hamısını yerinə yetirməyə çalışacağıq. Ona görə də Ermənistan məğlub dövlət kimi dilini qarnına qoymalıdır, konstruktiv təkliflər verməlidir. Yoxsa belə pozucu təkliflərlə nələrəsə nail olmaq mümkün deyil.

Rafi MÜSLÜMOV