“Azərbaycan 2016-cı ilə qədər cəmi 10 ölkəyə silah ixrac edirdisə, indi silah ixrac etdiyimiz ölkələrin siyahısı kifayət qədər genişlənib”.
Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 11-də yerli televiziyalara verdiyi müsahibəsindəki açıqlamanı şərh edib.
Xatırladaq ki, dövlət başçısı Azərbaycanın hazırda 30-dan çox ölkəyə silah satdığını bildirib:
“Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də, həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə, biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik”.
Öz növbəsində, Ə. Verdiyev əlavə edib ki, konkret olaraq, müqavilələrin kiminlə bağlandığı məlum olmasa da, Azərbaycanın hazırda bəzi zərbə tipli kamikadze PUA-larını, snayper silahlarını, avtomatik silahları, uzunmənzilli anti-material silahları və bəzi sursat növlərini ixrac etdiyini ehtimal etmək olar:
“Konkret olaraq Azərbaycan müdafiə sənayesinin hansı ölkələrə hansı markada və hansı miqyasda silah ixrac etdiyi barədə konkret məlumatlara malik deyilik”.
Hərbi ekspertin qənaətinə görə, vacib olan odur ki, Azərbaycan bu gün silah ixracatçısı olan ölkələrdən birinə çevrilmək üzrədir:
“Türkiyə ilə bu sahədə potensiallarımızın inteqrasiya edilməsi Azərbaycanın müdafiə sənayesinə yatırılan böyük vəsaitlərin yaxın gələcəkdə geri qaytarılmasına da münbit şərait yarada bilər”.
Rafi MÜSLÜMOV