Ermənistanla sülhsüz yanaşı yaşaya bilərikmi? – “Sonrasına baxarıq…”

0
69

“Sülh müqaviləsi bölgədə uzunmüddətli sabitliyin, təhlükəsizliyin təmin edilməsində maraqlı olan bütün region dövlətlərinə, onların öz xalqlarının gələcəyini düşünən liderlərinə, siyasət adamlarına lazımdır”.

Terefsiz.az xəbər verir ki, sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, Prezident Əliyevin yerli telekanallara verdiyi müsahibədə sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirlərə toxunub.

Xatırladaq ki, dövlət baçşısı bildirib:

“Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa, heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar.

Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”.

Məsələyə münasibət bildirən E. Mirzəbəyli əlavə edib ki, sülh davamlı sabitliyin təmin olunması üçün başlıca faktordur:

“Təbii resursları, rəqabətədavamlı sənayesi olmayan, beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin yan keçdiyi ölkələr üçün isə sabitlik həyati əhəmiyyət kəsb edir. Məhz bu baxımdan sülh Ermənistana bütün digər ölkələrdən daha çox lazımdır və təəssüf ki, bu ölkənin regiondankənar güclərin nüfuz müvəkkiliklərini icra edən liderləri, tarixi yalanların və zəhərli ultramillətçi ideyaların girovuna çevrilmiş, müasir dünyanın reallıqlarını dərk etməyi bacarmayan, özünün və bölgə xalqlarının potensialını düzgün dəyərləndirməyi bacarmayan toplumu sülhün onlar üçün yeganə çıxış yolu olduğunu qəbul edə bilmirlər. Xarici amillərlə yanaşı, sahib olduqları etnososial xarakterləri də buna ciddi maneə yaradır”.

Onun sözlərinə görə, Prezident Əliyev Azərbaycan telekanallarına müsahibəsində, əslində, sülh müqaviləsinin imzalanmamasının və qarşılıqlı münasibətlərdəki qeyri-müəyyənliyin Ermənistan üçün hansı fəasadlara səbəb ola biləcəyini bütün detallarıyla ifadə edib:

“Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında olduğu zaman kəsiyində, 1993-1994-cü illərdən başlayaraq dirçəlməyi, iqtisadi inkişafını təmin etməyi, beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin qlobal müstəvidə strateji əhəmiyyət kəsb edən, ayrılmaz bir parçasına çevrilməyi, nəhayət, müstəqil bir dövlət olmağı, öz ayaqları üzərində dayanmağı və irəliləməyi bacardı. Yəni torpaqlarının 20%-i işğal altında olan bir ölkə bütün komponentləriylə, iqtisadi və hərbi potensialı ilə güclü bir dövlət oldu, amma xarici faktorların dolayısıyla və birbaşa iştirakı ilə Azərbaycan torpaqlarını işğal və talan edən, viran qoyan Ermənistan dövlət ola bilmədi. Əvvəllər Ermənistanı, yalnız beynəlxalq donorların dəstəyi ilə mövcudluğunu qoruyub saxlayan, müxtəlif siyasi, hərbi, sosial proqramları gerçəkləşdirməyə çalışan qeyri-hökumət təşkilatına bənzədirdim. Amma Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının Şuşa-Xankəndi yolunda davam etməkdə olan etiraz aksiyasından sonra belə qərara gəldim ki, Ermənistan Cənubi Qafqazda həyata keçirilən bir layihədir və bu layihənin nə zamansa dövlətə çevrilməyinin yeganə yolu sülhdən keçir”.

Müsahibimizin qənaətinə görə, Azərbaycan öz enerji resurslarının dünya bazarına çıxışını təmin edib, hazırda Avrasiyanın ən mühüm nəqliyyat dəhlizlərinin olduqca vacib, rəqabətədavamlı, iqtisadi baxımdan səmərəli marşrutları ölkəmizin ərazisindən keçir:

“Bu, o deməkdir ki, Azərbaycanın bir dövlət olaraq inkişafı, gücünə güc qatması üçün bütün imkanları var və bu günədək görülən işlər elə bir fundament formalaşdırıb ki, bu təməlin üzərindən sonsuza qədər inkişaf etmək olar. Təbii resurslarımız – var, bu resursları dünya bazarına çıxarmaq imkanlarımız – var, yolumuz – var, daxili həmrəyliyimiz, milli birliyimiz, gücümüz – var. Cənubi Qafqaz və ətraf subregionların demoqrafik vəziyyəti də onu deməyə əsas verir ki, bir etnos olaraq, Avrasiyada əsas söz sahiblərindən biriyik”.

O bildirib ki, Ermənistan hər tərəfdən eyni soyun, dilin, mədəniyyətin daşıyıcısı olan, milli ruhu oyanmış, özünün intibah mərhələsini yaşayan, Azərbaycan Ordusunun böyük qələbəsi ilə döyüş ruhu, özünəinamı yüksək səviyyədə olan, toparlanmış, təşkilatlanmış nəhəng bir etnosun əhatəsindədir:

“Biz gözləyə bilərik və bu gözləntini də əsaslandıran amil etnos olaraq humanist mahiyyətimizdən qaynaqlanır. Amma bu o demək deyil ki, “Ermənistan” adlı layihə öz oyunlarını sonsuzadək davam etdirəcək və biz bu “kvazidövlət”in yenidən toparlandırılaraq öz terrorçu-separatçı, qəsbkar siyasətini davan etdirməsinə imkan verəcəyik. Əlbəttə, yox. Ermənistanın ətrafındakı “çəmbər” getdikcə daralacaq, bu ölkənin daxili gündəliyini bizim atdığımız addımlar müəyyənləşdirəcək və bu addımlar Ermənistan üçün cavab verilməsi mümkün olmayan yeni-yeni çağırışlar yaradacaq.

Bütün bunlar, şübhəsiz ki, 2025-ci ilə qədər nəzərə çarpması mümkün olan reallıqlardır. 2025-ci ildən sonra isə təkcə Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki missiyasının müddəti deyil, həm də Ermənistana verilən vaxtın sonu çatacaq və artıq, bu ölkənin özünün də, sərgiləcəyi davranışlara adekvat olaraq, mövcudluğu günbəgün şübhə altına düşəcək. Bu baxımdan, 2023-cü il Ermənistana Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsinə imza atması üçün həlledici zaman kəsiyidir”.

Rafi MÜSLÜMOV