“Zaur Baxşəliyevdən niyə soruşan yoxdur ki, “nə hoqqalardan çıxırsan?””

0
1214

Tanınmış yazıçı Xeyrəddin Qoca ötən gün saytımıza açıqlamasında ATV-nin “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev ünvanına kəskin ifadələr işlədib. O cümlədən yazıçı ittihamlarını bu gün də davam etdirib.

Terefsiz.az xəbərinə görə, X. Qoca Yenisabah.az-a açıqlamasında deyib ki, dünənki açıqlamasından sonra maraq xatirinə Z. Baxşəliyevin verilişinə baxıb:

“Dünən yanvarın 12-də mənim “Yeni Sabah”da “Zaur Baxşəliyevə aparıcı deməyə dilim gəlmir, ekranda qaqqıldayır” adlı yazımdan sonra maraq üçün “Bizimləsən”in növbəti buraxılışının bir hissəsinə baxdım ki, görüm, Zaur yenə nə hoqqalardan çıxır!

Ekranda palçıqlı ayaqqabı ilə addımlayan ayaqlar gördüm. Ayaqlar o tərəf-bu tərəfə getdikcə Zaur Baxşəliyev studiyadakı qonaqlara sual verirdi: “Sizcə, bu ayaqların sahibinin neçə yaşı olar?” Tamaşaçıların biri deyirdi 70, biri deyirdi 55, biri deyirdi 60, biri deyirdi “40-45 yaşı olar, ya olmaz!” Mən tamaşaçı kimi palçıqlı ayaqqabılara baxmaqdan bezdim, Zaur “üzü gizlədilən kişinin neçə yaşı var?” sualını verməkdən, qonaqlar isə ağızlarına gələn rəqəmləri söyləməkdən bezmədilər!

Handan-hana addımlayan adamın əlləri ilə nar kəsdiyi göründü. Zaur qışqıraraq “sevincini” xalqa bildirdi: “Əllərini də gördük, qaldı üzünü görməyimiz!””

Yazıçının qənaətinə görə, bu mənasız, məzmunsuz səhnə xeyli davam etdi:

“Nəhayət, ATV-nin qadın müxbiri əlində mikrofon həmin ayaqların sahibinin adını demədən, üzünü göstərmədən yanında dayanıb onun haqqında canıyananlıqla xeyli məlumat verdi ki, bəs, bu ayaqların sahibi studiyada əyləşən filan qadınla evlənməyə gəlib, həyatda çox acılar çəkib, həyat üzünə gülməyib və sair və ilaxır… Uzada-uzada, tamaşaçıların qəlblərini xeyli “yumşaltdıqdan” sonra görə bilmədiyimiz “talib” (bu sözü haradan çıxarıblar?) haqqında xeyli danışdı…”

“Daha səbrim çatmayıb, palçıqlı ayaqqabının sahibinin sifətini görməyi gözləmədən, televizoru söndürdüm!

Bu Zaur Baxşəliyevdən niyə soruşan yoxdur ki, “sən nə hoqqalardan çıxırsan?”

Mən isə soruşuram: Zaur, özündən çox razısan, budur sənin yaradıcılığın? Budur sənin veriliş aparmağın? Ayıbdır, özünə gəl!”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV