Türkiyəli millət vəkili: “Malatyadakı tələbələrin sağ qalacağına ümidimizi itirməmişik”

0
65

“Malatyada azərbaycanlı tələbələrlə bağlı axtarış-xilasetmə işləri davam edir, onların sağ qalacağına ümid var”.

“Terefsiz.az” xəbər verir ki, bunu mediaya açıqlamasında,AKP-nin Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.

Deputat deyib ki, tələbələrin yaşadığı bina çox böyük olduğu üçün axtarış işləri uzun vaxt tələb edir:

“Binanın həm eni, həm də uzunu böyükdür. Axtarış işləri də böyük heyətlə icra olunur. Bu gün 4 saatdan çoxdur ki, Fransa, Çin axtarış-xilasetmə qrupu, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları axtarış aparır”.

Millət vəkilinin sözlərinə görə, azərbaycanlı tələbələrın hələ də sağ qalacaqlarına ümid var: “Çünki onların binada ən alt mərtəbədə yaşadıqlarını öyrəndik. Binanın zirzəmi qatından 3 nəfərlik yeni bir ailə sağ çıxarılıb. Böyük ehtimalla onlar da dağıntıların altında sağ qalıblar. İnşallah sağ-salamat ailələrinə qovuşarlar”.

Ahmet Çakır vurğulayıb ki, tələbələrin ad-soyadı bütün xəstəxanalara təqdim olunub, amma indiyə qədər onların ad-soyadına rast gəlinməyib.

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində İnönü Universitetinin tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələdən sonra heç bir məlumat yoxdur. Onların yaşadığı bina dağlntıya məruz qalıb.

terefsiz.az