Türkiyədə zəlzələnin episentri olan Kahramanmaraş şəhərinin mərkəzi rayonunda 258 saat sonra dağıntılar altından Neslihan Kılıç adlı qadın sağ çıxarılıb.
“Terefsiz.az” “CNN Türk”ə istinadən xəbər verir ki, 42 yaşlı qadının sağ çıxarıldığı yaşayış kompleksində 250-dən çox insan həlak olub.
Qadının sağ çıxarılmasından sonra mətbuata açıqlama verən onun yaxın qohumu artıq məzarı hazırladıqlarını bildirib: “Xilasedicilərdən nəşi parçalanmasın deyə axtarışı dayandırmaqlarını istəmişdik”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər dünyasını dəyişib, 108 068 nəfər yaralanıb.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.