Uşaq evindəki təminatdan şikayət etdi, Psixiatriya Xəstəxanasına yerləşdirildi – VİDEO

0
1238

Uşaq evinin sakini: “Gələn əti, südü, meyvəni aparırlar, quru çörək verirlər”

Bakıda 3 saylı uşaq evində yaşayan 17 yaşlı Məhəmməd Hacıyev buradakı problemlərlə bağlı videoaçıqlama yayıb.

Hacıyev bildirib ki, uşaq evində normalara uyğun qidalanmırlar:

“Bir az şorla bir tikə çörək verirlər, o da quru olur. Gələn ətlə yemək bişirirlər, amma yeməyin ətini götürürlər, sümüyü qalır. Südü aparırlar. Meyvələrin çürüyünü saxlayıb, yaxşılarını götürürlər”.

Hacıyev bildirib ki, bundan əvvəl də sosial şəbəkələrdə tənqidi videolar yaydığı üçün uşaq evinin müdirəsi Məhbubə Hüseynova onu polisə şikayət edib və bildirib ki, psixi problemləri var. Onun işlətdiyi telefon əlindən alınıb.

Uşaq evinin müdirəsi Məhbubə Hüseynova isə Abzas Media-ya açıqlamasında bildirib ki,  polislər uşağı artıq Maştağada yerləşən 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdiriblər.

Onun sözlərinə görə, Hacıyev orada qalmaq istəmədiyindən onu yenidən uşaq evinə yollayacaqlar:

“1 Saylı Psixiatriya Xəstəxanasından zəng ediblər ki, uşaq qayıdıb gəlmək istəyir. Bizi aləmə biabır elədi. Buranı bəyənmir, amma yenə qayıdıb gəlmək istəyir. İndi mən nə edim? İcra Hakimiyyətinə də məlumat vermişəm, cavab gözləyirəm indi. Dedim, mənə köməklik edin, bura gəlsə, bir oyun çıxaracaq, faciə ola bilər. Dünəndən 3 dəfə komissiya gəlib”- müdirə deyib.

Müdirə deyir ki, Məhəmməd Hacıyev davranış qaydalarını pozduğu üçün digər uşaqlardan təcrid edilməlidir.

O iddia edir ki, Məhəmmədin uşaq evinin əməkdaşlarına qarşı kobud davranışları ilə bağlı dəfələrlə akt tərtib edib.

Müdirə uşağın ərzağın mənimsənilməsi, onlara keyfiyyətsiz qidalar verilməsi ilə bağlı iddialarını təkzib edib:

“Qidalanma ilə bağlı da heç bir problem yoxdur. Qida Təhlükəsizliyi Agentliyi yoxlama aparıb, bircə kolbasanı problem etdilər, onu da dövlət almayıb, uşaqlar istəyir deyə mən özüm almışam”.

Xətai rayonunda yerləşən 3 saylı uşaq evi ilə bağlı bundan əvvəl də mətbuatda problemlər səsləndirilib. 2021-ci ildə uşaq evində ərzaq, yataq dəstləri ilə bağlı təminatın bərbad vəziyyətdə olmasına dair görüntülər yayılıb. Bundan sonra rəsmi qurumlar uşaq evində yoxlamalar aparıb və pozuntu hallarına görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya töhmət verilib.

Bundan sonra 2022-ci ildə 3 saylı uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva görüntülər yayaraq bildirib ki, Məhbubə Hüseynova Qurban bayramı ilə əlaqədar uşaq evinə gətirilən qurbanlıq ət və heyvanları sürücüsü vasitəsilə satıb.

Mənbə:”www.abzas.org”

terefsiz.az