8 ildir əlil arabası ilə gəzən, 16 yaşında Avropa çempionu olan Rüstəm İmanzadə həyat hekayəsini danışıb. Ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu və gənclər arasında Avropa çempionu olan İmanzadə 2014-cü ildə Kiprin Limassol şəhərində keçirilən qitə birinciliyində ciddi zədə alır. 148 kq ağırlığı qaldırarkən onun sağ qolu qırılır və belindən ağır zədələnir. Bundan sonra idmançının çətin günləri başlayır. 1998-ci il təvəllüdlü Rüstəm 1 il daimi müalicə alsa da, sonradan federasiya və aidiyyatı qurumların ona yardım etmədiyini deyir.
“2014-cü ildə Kiprdəki yarışda zədə aldım. Bu yarışın mənə heç bir aidiyyatı yox idi. Çünki mənim 16 yaşım var idi, amma çempionat 23 yaşlılar arasında idi. Orada 148 kq-da qolum qırıldı və belimdən ağır zədə aldım. 1 ay ərzində bir neçə yarışa istirahət etmədən getdim. Çünki Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmalı idim. İdmançı qıtlığından bütün çəkilərdə ən yaxşı olduğum üçün məni aparırdılar. Həmin yarışdan sonra bir müddət müalicəmə yardım etdilər.