Uğurlu “Günnüt əməliyyatı”nın başlanmasından 5 il keçir
“Terefsiz.az” xatırladır ki, 2018-ci il mayın 20-də başlayan əməliyyatla Naxçıvan Muxtar Respublikasının minlərlə hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Bununla da, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan məqsədə nail olunub.
Əməliyyat nəticəsində “Qızılqaya” və “Qaraqaya” dağlarında, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti tam olaraq nəzarət altına götürülüb.
Ümumilikdə 11 min hektara yaxın ərazinin, həmçinin dəniz səviyyəsindən 1 683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin azad edilməsi ilə düşmən ərazisindən keçən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna birbaşa nəzarət etmək imkanı yaranıb.
Əməliyyat zamanı düşmənin bir neçə əsgəri məhv edilib.
Qeyd edək ki, Günnüt əməliyyatı 2018-ci ilin mayın 27-də başa çatıb.