” Hər Şeirimdə ” – Bənövşə Mahmudqızı

0
1706

” Hər şeirimdə ”

Payız gəlir…
Gah yel əsir,
İstiləşir.
Evsiz adamlar tələsir,
İslanmamaq üçün.
Payızın, qışın yağışında
Ayaqları suda üzür,
Rahiblərin, İlqarların ayaqları.
Fəxrəddin dayı çay süzür,
Bir azca isinsin deyə.
Uşaqlıqdan öyrəşib, oturub yatmağa,
Təki az da olsa isti olsun,
Ya da çox islanmasın.
Elmira xalanın ayaqları şişib,
Durub sakitcə tikdiklərini satır.
Axı iki kişi əlinə baxır…
Biri vəfasız əri, digəri…
Ehh… Ana ürəyi…
Bu şeirə sığmaz evsizlər,
Bu şeirə sığmaz kimsəsizlər.
Gör necə şairəm ki, mən,
Mənə ilham verir əzab çəkənlər,
Çəkdiyim əzablar!
Olsun mənə yazıqlar!
Elmira xala nə vaxt güləcək?
Rahib nə zaman düzələcək?
İlqar nə vaxt içməyəcək?
Fəxrəddin dayı nə vaxt dincələcək?
Mübarizə etmək ayıbmış,
Yaraşmırmış bir xanıma.
Yaraşmır mənə polisə getmək,
Yaraşmır mənə haqq tələb etmək,
Mənə nə yaraşır?
Səfalət?
Ey İlahi Ədalət!
Sənə sığınmışam!
Bu şeir bu yağışlı gündə,
Bu yağışlı gecədə,
Həm evdə, həm küçədə
Əzab çəkənlərin şeiridir.
Vaxt gələcək, yağışa, qara
Onlar da sevinəcək,
Mən də sevinəcəm.
Bax o zaman biləcəm,
Biz xoşbəxtik deyəcəm
– Hər şeirimdə…

Bənövşə Mahmudqızı

13.09 2023

 

terefsiz.az