“O iş bitdi. İyul ayında təhvil alacaqdıq, amma tarix önə çəkiləcək, daha tez təhvil verilə bilər”.
Terefsiz.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı danışarkən deyib.
Dolmabahçe sarayında gənclərlə iftar süfrəsində görüşən prezident bildirib ki, sistemlərlə bağlı məsələ bitib: “Bu mövzuda geri addım atmaq qətiyyən müzakirə mövzusu deyil. O iş bitdi. Razılaşmamız iyul ayında sistemləri tədarük etmək üzrə idi. Bəlkə də bu tarixi tezləşdirəcəklər. S-400 bir müdafiə sistemidir, hücum sistemi deyil. Sizə hər hansı hücum varsa, bu hücumlar qarşısında sizi müdafiə edər. Bu nöqtədə ödəniş planları etibarilə, Rusiya bizə bu sistemi həqiqətən də çox uyğun şərtlərlə verib. Və S-400-dən sonra bir S-500-lər müzakirə mövzusudur. Burada ortaq istehsaldan söhbət gedir”.
Ərdoğan məsələ ilə bağlı ABŞ-ın mövqeyinə də aydınlıq gətirib: “Amerika deyir ki, bu sistemlər onlardan alacağımız F-35 qırıcıları ilə uyğunlaşmır. Belə bir şey texniki baxımdan yanlışdır. NATO-nun baş katibi də bununla bağlı açıqlama verdi. Bildirdi ki, ölkələrin arsenalını gücləndirməsi onların milli haqlarıdır. Bizim nəyi alıb-almayacağımızla bağlı texniki təcrübəmiz var. Mən ikinci variant irəli sürdüm. Amerikadan “Patriot” istədim. Lakin Obama (Barak Obama – ABŞ-ın 44-cü prezidenti – red.) dedi ki, Konqres icazə vermir. Donald Trampa da dedim ki, Konqresdən keçirə bilirsənsə, keçir. Biz də “Patriot” alaq. Bizi F-35-lərlə təhdid edirlər. Lakin gec-tez onları da təhvil alacağıq”.
Terefsiz.az