Gürcüstanda azərbaycanlı məktəbli uşaq dünyaya gətirdi, DİN işə qarışdı – YENİLƏNİB

0
273

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində XI sinif şagirdi, 16 yaşlı azərbaycanlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı yeni detallar məlum olub.

Terefsiz.az saytı xəbər verir ki, yeniyetməni zorlamaqda günahlandırılan 40 yaşlı kənd sakini ona qarşı irəli sürülən ittihamları rədd edib.

O, qızın ailəsinin ondan 10 min lari pul tələb etdiyini bildirib.

Qızın ailə üzvləri isə zorlama faktının olduğunu qeyd edərək 40 yaşlı kişinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər. Onlar bildiriblər ki, həmin kişinin ailəsi faktın gizlədilməsi müqabilində qızıl təklif edib.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə və ya seksual xarakterli digər əməlləri nəzərdə tutan 140-cı maddəsi ilə istintaq aparır. İstintaq çərçivəsində dünyaya gələn uşağın atasının müəyyən olunması ilə bağlı genetik ekspertiza həyata keçiriləcək. Yeniyetməni zorlamaqda təqsirləndirilən şəxsi günahı sübuta yetiriləcəyi təqdirdə 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində məktəblərin birinin XI sinif şagirdi uşaq dünyaya gətirib.

Terefsiz.az saytı xəbər verir ki, 16 yaşlı məktəbli qız sinifdə özünü pis hiss edib və məktəbə təcili tibbi yardım çağırılıb.

Qızın hamilə olduğu müəyyən edilib və xəstəxanaya çatdırılandan bir neçə saat sonra o, uşaq dünyaya gətirib.

Müəllimlərin bildirdiyinə görə, məktəbli hamilə olduğunu bilməyib. Yeniyetmənin ötən ilin sentyabrında qonşusu və qohumu, 40 yaşlı kişi tərəfindən zorlandığı məlum olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi Qabal kəndində yeniyetmənin uşaq dünyaya gətirməsi faktını təsdiq edib. Faktla bağlı istintaq başlayıb.

İstinad: report.az

Terefsiz.az