Çobanlardan varlılara qalan miras – Qolf

0
225

Bahalı idman növü sayılan qolf, əslində Şotlandiyada çobanlar tərəfindən yaradıldığı güman edilir.

Çobanlar daşları çomaqlarıyla dovşan yuvalarına salırdılar. 1457-ci ildə Şotlandiya kralı 2-ci Yakovun sərəncamında qolf haqqında ilk qeydlər göstərilib. Təxmini tarixi  17-ci əsrdə başlayan bu idman növünün hal-hazırdakı forması, 19-cu əsrdə rəsmiləşdirilib. İndiyə kimi bu oynun dəqiq tarixini müəyyən edilməyib. Bəzi tarixçilər oyunu qədim Roma imperiyası ərazisində oynanılan paganika oyunu ilə, bəziləri isə qədim Çin oyunu olan çuyvan ilə əlaqələndirirlər. İstənilən halda oyunun vətəni Şotlandiya hesab olunur və oyun meydançası kimi Musselburq Link 2 mart 1672-ci ildə rəsmi olaraq sənədləşdirilmişdir.

Qolf məntiq oyunu adlandırılır. Buna səbəbsə, bədəndən savayı oyunda əsas hissəni öz üzərinə beyin gücünün götürməsidir. Şahmatda gedişlərin öncədən düşünüldüyü kimi bu oyunda da oyuncu beynində xüsusi hesablamar nəticəsində qolf çubuğu ilə qolf topuna vuraraq, onu dəliklərə salmağa çalışır. Hər iştirakçı adətən 18 dəlik keçməlidir. Oyun sahəsi üç əsas hissədən ibarət olur. Başlanğıc sahə “ti”, ikinci sahə fervey, üzərində otları çox qısa kəsilmiş, ortasında dəliyi olan sonuncu sahə isə qrin adlanır. Oyun topu, diametri 4,27 sm-dən çox olmayan, ağırlığı 41-46 qram, üzərində 300-500 arası çökəkliklərə malikdir. Oyun topu yalnız bir formada olduğu halda, oyun çubuqları fərqlənir. Uzaq məsafəyə vurmaq üçün vud adlanan çubuğundan istifadə edilir. İlk dəfə zərbə endirərkən topun altına “ti” adlanan top altlığı qoymağa icazə verilir. Növbəti zərbələr ayron adlanan çubuqla vurulur. Qeyri-standart vəziyyətlərdə və qısa məsafədən zərbə üçün vec adlanan çubuqdan istifadə edilir. Qrin sahəsində vurulan sonuncu zərbələr patter ilə həyata keçirlir.

Topun dəliyə düşməsində verilən xal hesabı – par adlanır. Xallar iki cür hesablanır. Birinci halda xallar oyun ərzində iştiraçının ümumən vurduğu zərbələrə görə verilir. Qalib isə ən az zərbə endirmiş adam sayılır. İkinci halda isə topun dəliklərə salınmağına görə hesablanır. Dəliklərə ən çox top salmış iştirakçı qalib elən edilir. Bərabər sayda dəliyə top salan iştirakçılar oyunu heç-heçə bitirirlər.

Qolfun əsas tərkib hissəsindən biri də kübar davranış etiketidir. Buna görə də avropalılar onu öz aralarında varlıların oyunu adlandırırlar. Qolf meydançasında oyunçuları hər hansı zədələnmələrdən qorumaq, eləcə də onların rahatlığını təmin etmək üçün təsis edilmiş xüsusi qaydalar məcmusudur. Oyunçular bu qaydalara mütləq riayət etməlidirlər. Ən vacib qaydalardan biri də özünü aparmağı bacarmaq, rəqibə qarşı hörmətlə davranmaq, oyun meydançasını səliqədə saxlamaq, təhlükəsizlik qaydalarına əməl etmək və hər şeydən öncə topun lazımı məsafədən yayındığı halda səsli bildirişin verilməsidir.

2009-cu ildə Beynəlxalq Olimpiya Komitəsinin 121-ci iclasında qolfu idman növü olaraq 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya oyunları proqramına daxil edilib. Qolf üzrə ilk Olimpiya oyunları qalibləri britaniyalı Castin Rouz və koreyalı Pak İn Bi oldu.

Ölkəmizdə də bu oyun böyük marağa sahibdir. Bu səbəbdən də 2012-ci ildə Azərbaycan Qolf Federasiyası təsis edilib.

Qolf – şotland çobanlarının boş vaxtlarını əyləncəli keçirmək üçün yaratdıqları gündən bu yana maraqlı yol keçərək, dünyanın ən elitar və bahalı idman növünə çevrilməyi bacarıb. İti ağıl, səbr, dəqiqlik tələb edən oyun, neçə əsrdir mövcudluğunu qoruyub, saxlayır. Hər bir yaşda oynanılması mümkün olan bu idman növü, həm əsəbləri sakitləşdirmək, həm də bədəni normal formada saxlamağa yardım edir. Bu idman növü iştirakçıya psixoloji olaraq prestij və özünəgüvən hissi yaşadır, eləcə də dost qazanmağa köməklik göstərir. Hətta zarafatla deyilir ki bu oyunu şotland çobanları yaratmasaydılar, dəqiq ki gec-tez psixoloqlar yaradacaqdılar.

Xanım Əliyeva