Təyyarədə uçuş zamanı əksər insanların qulağında küy, uğultu, ağrı yaranır. Bəzən bu hal uzun müddət davam edir.
Bəs bu hansı səbəblərən yaranır? Belə hallarda nə etmək lazımdır?
Terefsiz.az e-tibb.az-a istinadən qulaq, burun, boğaz, baş və boyun cərrahiyyəsi uzmanı Elnur Əkbərovun təyyarədə uçuş zamanı yaranan qulaq ağrısı barədə məqaləsini təqdim edir.
Yay mövsümü yaxınlaşdıqca, insanların digər ölkələrə səyahət etmək, dünyanı gəzmək arzusu artır. Uzaq məkana üz tutanlar adətən təyyarəyə minərək bəyəndiyi ölkəyə getmək istəyini reallaşır.
Belə tip gəzintinin mənfi tərəfi də az deyil, çünki təyyarənin qalxması və enməsi bəzən qulaqda dəhşətli ağrı ilə müşayiət olunur. Bu azmış kimi hətta üz tutduğu ölkədə belə qulağın tutulması üzündən rahat gəzə bilmir, ətrafdakıları eşitmir. Qulaq tutulması xeyli diskomfort yaradır. Geri dönəndə də sərnişin eyni hisləri keçirir, qulaq tutulur, ağrı baş qaldırır.
Problemin yaranma səbəbləri
Bir neçə əsas səbəbi göstərmək olar. Ağrı əsasən ətraf mühit və daxili qulaq arasında yaranan təzyiq fərqindən qaynaqlanır. Adi həyatda belə bir fərq yaranmır, hətta hər hansı bir yüksəkliyə qalxmağa qərar verən şəxsdə də belə problem olmur, çünki proses tədricən baş verir. Deməli, orqanizm şəraitə uyğunlaşa bilir.
Təyyarənin yerdən qalxması və yerə enməsi zaman bu fərq kəskin formada yaranır, adaptasiya baş vermir və ya gecikir. Orta qulaq təzyiq fərqi nəticəsində öz həcmini dəyişməklə ağrıya səbəb olur. Bu isə öz növbəsində yevstax borusunda baş verən təzyiq fərqindən irəli gəlir.
Burun travması nəticəsində meydana gəlmiş burun arakəsməsinin əyriliyi də bu orta qulaq həcminin pozulmasına səbəb olan faktorlardan biridir. Əyriliyi cərrahi yolla aradan qaldırmaq olar, amma bunun üçün həkimə müraciət edib dəqiq diaqnoz qoyulmalıdır. Həkimə getməyi o qədər də sevməyən, yalnız son məqamda çarəsizlikdən yönlənən insanlar bəlkə də bu kimi kiçik problemə görə tibb müəssisəsinə getməzlər.
Ağrını gücləndirən faktorlar
Orta qulaq havalanmasının pozulması ilə yaşayan insanlar təzyiq fərqinə məruz qaldıqda (hava yoluculuğu, suya dalma kimi durumlarda) güclü ağrıdan şikayət edə bilərlər. Bəzən ağırın gücləndirən səbəblərə də rast gəlinir. Məsələn, yevstax borunun kiçik ölçülü olması, zökəm və ya soyuqdəymə, sinusitlər, allergik rinitlər, otitlər və orta qulaqdakı infeksiyalar ağrını artıra bilər.Özü də orta qulağın zədəsi xronik xəstəliklərin, yəni tinnitus və eşitmənin zəifləməsini kəskinləşdirə bilər.
Nə etməli?
Bəzi kiçik tövsiyələrə əməl etmək problemi xeyli yüngülləşdirər.
İlk növbədə əsnəmək və ya udqunmaq işə yardımçı olar, çünki yevstax borunun açılmasına və havanın daxili orqanlara hərəkətinə zəmin yaradar. Əgər təyyarənin yerə enməsindən sonra da qulaqların tıxanması müşahidə olunursa, deməli tez-tez udqunmağa ehtiyac var.
Sorma konfet və ya saqqızdan istifadə də eyni effekti verə bilər. Çünki istər-istəməz udqunmaq lazım gəlir. Ağrıdan əziyyət çəkən bəzi sərnişinlər özləri ilə salona daim belə vasitələrdən gətirirlər.
Barmaqlarla burnu sıxaraq yanaqları şişirib nəfəsi qulaqlara doğru verməni cəhd etmək gərəkdir. Bu halda daxili qulaqda təzyiq normallaşa bilər.
Bu metoddan soyuqdəymə zamanı istifadə etmək qəti qadağandır, çünki burundakı infeksiyanı orta qulağa ötürmək təhlükəsi var. Ürək-damar xəstəliklərindən, yüksək arterial təzyiqdən əziyyət çəkən insanlara məsləhətli deyil. Bu kimi şikayətə qatlanan, həkimə müraciət etməyən pasiyentlər bəzən qulaqdakı ağrının səbəbini bu qədər kiçik problemə bağlı olduğunu bilmədikləri üçün əziyyət çəkməkdə davam edirlər.
Müayinədən keçin
Qulaqdakı ağrının səbəbini dəqiq bilmək üçün mütləq həkim müayinəsinə ehtiyac var. Əgər kimsə peşəsi ilə bağlı zamanın çoxunu təyyarədə keçirirsə, bu həyat əhəmiyyətli bir məsələyə çevrilir. Dözülməz ağrı ilə daim yaşamaqdansa, məsələnin kökünü mütəxəssislə araşdırıb, müalicə təyin etmək daha düzgün olardı.
Terefsiz.az