“Minsk 2019″ II Avropa Oyunlarına iddialı yollanmışdım. Lakin 1/4 finalda ani bir səhvim hər şeyi korladı. Buna baxmayaraq, erməni rəqibi, ardınca isə olimpiya çempionunu məğlub etmək məni daha da ruhlandırdı”.
Terefsiz.az xəbər verir ki, bunu “Minsk 2019” II Avropa Oyunlarında 73 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.
İyirmi iki yaşlı idmançı bildirib ki, artıq qarşıdan dünya çempionatı gəlir və ora daha ciddi hazırlaşacaq:
“Dünya çempionatında inşallah finala yüksəlməliyəm. Qazandığım bu bürünc medal da mənə əlavə motivasiya verir. Qarşıda təlim-məşq toplanışlarımız olacaq. Demək olar ki, evdə olmayacağıq. Şükür ki, zədəm də yoxdur”.
Cüdoçunun sözlərinə görə, Avropa Oyunlarındakı rəqibləri ona əsl surpriz yaşadıb:
“Bəzi rəqiblərimi yaxşı analiz etməmişdim. Belə çıxır ki, onlar məni daha ciddi analiz ediblər. Elə yunan rəqibim məni çox təəccübləndirdi və uduzdum. Gərək rəqiblərə hörmətlə yanaşasan. Yəqin ki, buna görə çempion ola bilmədim”.
İstinad: Report.az
Terefsiz.az