Keçən il Freddi Merkurinin həyatından bəhs edən “Bohemian Rhapsody” filmində baş rolu canlandıran və bu roluna görə Oskar alan aktyor Rami Malek müsəlman dünyasının rəğbətini qazanıb.
Terefsiz.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı, misir əsilli amerikalı aktyor yeni Ceyms Bond filmində oynayacağı terrorçu rolunu bircə şərtlə qəbul etdiyini bildirib. Malek “Obraz ərəbcə danışan və ya törətdiyi cinayətlərə dini don geyindirilən bir terrorçu olmayacaq”, – deyərək şərtini irəli sürüb. Malek bu barədə fikirlərini “The Mirror” qəzetinə danışıb.
O, rolu qəbul etməzdən əvvəl filmin rejissoru Keri Fukunaqa ilə danışdığını açıqlayıb. Onun sözlərinə görə, canlandırdığı mənfi xarakterin etdiklərinə dini don geyindirilməyəcəyinə əmin olmaq istəyib. Aktyor rolu ilə bağlı “Çox fərqli bir terrorçu və böyük bir obrazdır” sözlərini əlavə edib.
Qeyd edək ki, ekran işində gizli agent Ceyms Bond rolunu Daniel Kreyq oynayacaq. Bu, 25-ci seriyası çəkilən filmin sonuncu bölümü olacaq. Filmin 2020-ci ildə ekranlara çıxması planlaşdırılır.
Terefsiz.az