ATƏT PA-nın vitse-prezidentindən Qarabağ münaqişəsinin adı ilə bağlı irad – VİDEO

0
170

Terefsiz.az saytı xəbər verir ki, ATƏT Parlament Assambleyasının Lüksemburqda davam edən 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitənin iclası keçirilib.

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev adıçəkilən komitənin məruzəçisi irlandiyalı deputat Alen Farrellin hazırladığı hesabatın və qətnamə layihəsinin müzakirəsi zaman diqqəti sənədin 10-cu bəndinə, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonundakı münaqişənin adı ilə bağlı məsələyə çəkib.

O, qətnamə layihəsində istisna olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ayrı rayonundakı münaqişənin adının dəyişdirilməsinin qəbuledilməz olduğunu və heç bir halda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması və tərəflərin yaxınlaşması məqsədlərinə xidmət etmədiyini vurğulayıb:

“Birincisi, adın ilkin variantı ATƏT-in Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı münaqişəyə dair 1992-ci ildə qəbul etdiyi qərarına və münaqişənin adını “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə” kimi göstərən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinə uyğundur.

İkincisi, 1992-ci ilin mayından 1993-cü ilin dekabrına qədərki dövrdə Ermənistan-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən yeddi rayonu da əhatə edərək geniş miqyaslı müharibəyə çevrilib. Azərbaycan rayonlarının işğalından sonra BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı vəziyyətlə bağlı narahatlıq ifadə edən qətnamələr qəbul etmiş, Azərbaycan ərazilərinin işğalını pisləmiş və erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb etmişdir”.

A.Quliyev qeyd edib ki, bunların hamısı gözardı edilməsi mümkün olmayan faktlardır:

“Beləliklə, 1993-cü ildən etibarən biz bu münaqişəni yalnız Dağlıq Qarabağ münaqişəsi adlandıra bilmərik, ona görə ki, bu münaqişə bölgənin hüdudlarından kənara çıxıb və bununla da işğal edilən və münaqişədən zərər çəkən ərazilərin sahəsi və əhalisi Dağlıq Qarabağdan bir neçə dəfə çox olub.

Üçüncüsü, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələri, eləcə də ATƏT-in qərarlarında təsbit olunduğu kimi, Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq hüquq normalarına uyğun olaraq, işğal müvəqqəti bir haldır və suverenliyin ötürülməsinə gətirib çıxara bilməz”.