Rusiyalı ekspert: Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı deyil

0
195

Terefsiz.az saytı xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan əvvəlcədən elan olunmuş mitinqdə iştirak etmək üçün işğal olunmuş Dağlıq Qarabağa yollanıb.

Ermənistan rəhbərinin sözügedən mitinqdə çıxışı siyasi ekspertlərin reaksiyalarına səbəb olub.

N.Paşinyan bəyan edib ki, Qarabağ Ermənistan torpağıdır.

Ermənistan rəhbərinin çıxışında əvvəlcədən hazırlanmış mətni oxuması bu sözün təsadüfi olmadığının sübutudur.

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya İnteqrasiya və Vətəndaşlarla iş üzrə ekspertlər şurasının üzvü Aleksandr Savelyev “Media.Az”a açıqlamasında qeyd edib ki, Paşinyanın açıqlamaları onun komandasının daxilindəki səriştəsizliyin və hərcmərcliyin sübutudur.

“Ermənistan, Azərbaycan və Qarabağ ermənilərinin iştirakı ilə üçtərəfli danışıq komitəsi haqqında müzakirələr olsa da, Qarabağ azərbaycanlıları məsələyə qarışan kimi təşəbbüs yarımçıq qaldı və İrəvan hakimiyyəti Qarabağı Ermənistanın bir hissəsi adlandırdı”, – deyə Savelyev bildirib.

Onun sözlərinə görə, Paşinyanın komandasının, əgər elə bir şey həqiqətən varsa, zəifliyi və inamsızlığı uyğunsuzluq yaradıb:

“Təəssüf ki, hazırda Ermənistan tərəfi məsələnin sülh yolu ilə həll olunmasında maraqlı deyil. “Qarabağ Ermənistandır, vəssalam” demək bunun açıq sübutudur”.

“Ancaq erməni dostlarımız və tərəfdaşlarımız unutmamalıdırlar ki, Rusiyanın müttəfiqlik öhdəlikləri Dağlıq Qarabağa aid deyil. Bundan əlavə, Ermənistanın təcavüzkar siyasəti davam edərsə, o öhdəliklər icra olunmayacaq”, – rusiyalı ekspert əlavə edib.

Terefsiz.az