ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Nyu-Yorkdakı qərargahının önündə mitinq keçiriblər.
“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, aksiya Nyu-Yorkun Manhetten rayonunun mərkəzi küçələrindən birində baş tutub.
Azərbaycan, Türkiyə və ABŞ bayraqlarını dalğalandıran mitinq iştirakçıları təşkilatdan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə “dur” deməyi və ermənilərin Azərbaycanın tarixi torpaqlarında törətdiyi cinayətlərə beynəlxalq hüquq müstəvisində cavab verilməsini tələb ediblər.
Nyu-York polisinin nəzarəti ilə keçirilən mitinqdə aksiyaçılar erməni yalanlarının əks olunduğu plakatlar nümayiş etdiriblər. Plakatlarda İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə və Bərdə şəhərlərində törədilən cinayətlər, Xocavəndin Edilli kəndində aşkar olunan kütləvi məzarlıq barəsində məlumatlar yer alıb.
Mitinq insidentsiz başa çatıb.