Dağlıq Qarabağla bağlı danışıqların Vaşinqtonda davam etdirilməsi təklifi xüsusi əhəmiyyət daşıyır.
Terefsiz.az xəbər verir ki. bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, Xarici İşlər naziri Elmar Məmmədyarovun ABŞ Dövlət katibindən danışıqların Vaşinqtonda aparılması ilə bağlı təklif almasının önəmli olduğunu bildirib:
“Burada liderlik uğrunda Rusiya ilə ABŞ arasında yarış elementləri var, amma ABŞ üçün liderlikən çox problemin həlli daha vacibdir. Çünki ABŞ Rusiyaətrafı bölgələrdə öz geostrateji maraqlarını təmin edən vəziyyət yaranmasını istəyir. Belə vəziyyətin yaranmasına mane olan da Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı aparılan müharibə və ya münaqişədir. ABŞ yaxşı başa düşür ki, bu münaqişə səngimədən Azərbaycanın regionda reallaşdırdığı böyük iqtisadi layihəni işə salmaq mümkün olmayacaq. Üstəlik türkmən qazını, Qazaxıstan neftini Xəzərin dibindən keçirməklə Bakı-Ceyhan neft kəməri və eləcə də Azərbaycanın üzv olduğu Cənubi Qaz Dəhlizini birləşdirmək alınmayacaq. Hətta Özbəkistan da bu fikirdədir. ABŞ Avropanın, eləcə də dünyanın neft-qaz təchizatını divertifikasiya etdirməyə, Rusiyanın Avropadakı qaz diktəsinin, inhisarçılığının qarşısını almağa çalışır. Bu məsələdə də ən əhəmiyyətli amil Azərbaycanla Ermənistan arasındakı münaqişəyə son qoyulması, sülhün əldə edilməsidir.
Əlbəttə, Moskva görüşündən sonra danışıqların Vaşinqtonda davam etdirilməsi təklifi xüsusi əhəmiyyətlidir. Doğrudur, Moskva danışıqlar prosesinə mane olmağa çalışır. Ermənilər də, belə desək, Rusiyanın dediyi ilə oturub-durur. Amma hər halda ABŞ-ın təklifi tekton tərəflərə yumşaq mühit yarada bilər. Bir sözlə, ABŞ danışıqlar prosesinə Moskvadan daha güclü stimul verə bilər. Bu səbəbdən Vaşinqton görüşünü sözsüz ki, alqışlamaq lazımdır”.
Politoloqun fikrincə, ermənilər başqa dövlətin təsiri altında danışıqlar prosesinə əngəllər yaratmağa davam etsələr də, dünya ictimai rəyinin, xüsusilə ABŞ-ın, Avropa Birliyinin qarşısında çəkilmək məcburiyyətində qalacaqlar:
“Bu ola bilsin, regionda sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Azərbaycan xalqı bunu ürəkdən arzu edir. İşğalçı Ermənistanın siyasi liderlərinin buna uyğun qərar verməsinə böyük ehtiyacı var.
Hələ ki ABŞ Kremlin irəli sürdüyü şərtlərdən qat-qat yaxşı həll variantını təklif edir. ABŞ indiki şəraitdə heç bir qeyd-şərt olmadan erməni əsgərin Dağlıq Qarabağ hüdudlarından kənardakı 7 rayondan geri çəkilməsini istəyir və bildirir ki, Ermənistan özünü işğalçı hesab etmirsə, burdakı qoşunlarını geri çəkməlidir. Dağlıq Qarabağın statusu məsələsinə münasibətdə isə bildirir ki, qaçqınların geri qayıtmasından, bölgədə normal iqtisadi əlaqələrin bərpasından sonra bu danışıqları davam etdirmək olar. ABŞ NATO-nun üzvüdür. NATO 2013-cü ildən bəri bütün sammitlərində postsovet məkanındakı münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dair bəyanat verib. Bu bəyanat artıq bir neçə dəfə səsləndirilib. Bu, dolayısı yolla ABŞ-ın, eləcə də digər NATO üzvlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi anlamına gəlir”.
Qeyd edək ki, Polşada səfərdə olan Xarici İşlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Yaçek Çaputoviçlə birgə mətbuat konfransı zamanı bildirib ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün ABŞ-da keçirilməsi ilə bağlı ötən gün ABŞ dövlət katibindən dəvət alıb.
Terefsiz.az