“Mən Bakıya səfər etməkdən və Birləşmiş Ştatların Azərbaycandakı səfirliyində sizinlə görüşməkdən məmnunam. Azərbaycanın potensialı nəzərə çarpır”.
“Terefsiz.az”ın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker deyib.
“Hər dəfə buraya döndüyüm zaman mən iqtisadiyyatın, insanların dayanıqlığının və bütün Cənubi Qafqaz bölgəsi üçün imkanların artdığını müşahidə edirəm. Mən indi Bakıdayam, buradan da Tbilisi və İrəvana səfər edəcəyəm. Bu bölgədə coğrafiya və tarix görüşür. Biz bilirik ki, sülh prosesi asan deyil. Bilirəm ki, münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olub. Lakin inanıram ki, ümid də var. Dinc gələcək üçün olan bir ümid. Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls saxlanıla biləcək və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər. Hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımları müşahidə edirəm”, – o qeyd edib.
Diplomat xatırladıb ki, dövlət katibi Entoni Blinkenin qeyd etdiyi kimi, hər iki dövlət Cənubi Qafqazda daha firavan, dinc gələcəyi təmin etmək naminə çalışır:
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub və sülh daha yaxşı və parlaq gələcək vəd edir. Mən sülhün əldə olunması üçün nümayiş etdirilən zəruri cəsarəti və qətiyyəti alqışlayıram”.