ABŞ’da tamamilə günəş enerjisi ilə çalışan hava limanı istifadəyə verildi

0
214

 Terefsiz.az saytı xəbər verir ki,   Tenessi ştatının 4-cü ən böyük şəhəri olan Çattanuqa ABŞ-da ilk dəfə olaraq yalnız günəş enerjisi ilə çalışan hava limanına sahib olub. Layihənin reallaşdırılmasına 7 il vaxt və ABŞ-ın federal mülki aviasiya idarəetməsinin büdcəsindən 5 milyon dollar vəsait sərf edilib. 

ABŞ-ın cənub-şərqində yerləşən Çattanuqa şəhərində 200.000-ə yaxın insan yaşayır. Bir neçə müddət bundan öncə isə həmin şəhər təmiz enerji tərəfdarlarının diqqətlərini özünə cəlb edib.

Belə ki, sözügedən şəhərin yerli hava limanı ABŞ-da günəş enerjisinə keçid etmiş ilk hava limanı oldu. Bu hava limanı yalnız bir sıra yerli reyslərə xidmət göstərir. Lakin son 1 il ərzində hava limanı 500.000 yeni sərnişini qəbul edib.

“Bu, Çattanuqa hava limanı üçün yadda qalan bir gündür. Belə ki, biz günəş fermasının inşasını bitirərək iqtisadi stabillikdəki vacib məqama çatmışıq. Bu layihə bir qayda olaraq bizim hava limanımız və şəhərimiz üçün üstünlük yaradır və biz fəxr edirik ki, digər hava limanlarına, müəssisələrə və regionumuza bərpa olunan enerji nümunəsini sərgiləyə bildik. Bərpa olunan enerjini yaradaraq biz həmçinin hava limanının iqtisadi effektivliyini də yüksəldirik” – deyə hava limanının direktoru qeyd edib.

Hava limanı üçün nəzərdə tutulmuş günəş stansiyası 7 il ərzində inşa edilib və onun sahəsi 16 futbol meydançasının sahəsi ilə eynidir. Onun enerji saxlaması və yaratması üzrə ümumi gücü isə 2.64 meqavattdır. Bunun sayəsində həmin günəş stansiyası hətta buludlu hava və gecə zamanı hava limanına elektrik enerjisini ötürür.

Layihəyə sərf edilmiş 5 milyon dollar investisiya isə 20 il ərzində öz bəhrəsini verməlidir. Günəş panelləri ilə digər təchizatların çalışma müddətləri isə 30-40 il təşkil edir.

Terefsiz.az