ADB: “Azərbaycanda özəl sektordan yeni bərpa olunan enerji layihələrini səbirsizliklə gözləyirik”

0
70

Asiya İnkişaf Bankının (ADB) Özəl Sektor Əməliyyatları Departamentinin Baş İnvestisiya mütəxəssisi David Urbaneja-Furelos “Report”a müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Asiya İnkişaf Bankı ilə Azərbaycan arasındakı əməkdaşlığı necə dəyərləndirirsiniz?

– Azərbaycan ADB üçün çox vacib ölkədir. Biz 1999-cu ildən burda işləyirik, ilk növbədə dövlət sektoru ilə əməkdaşlıq edirik. Hər il özəl sektoru ilə olan əməliyyatlarımız sürətlə inkişaf edir. Çünki biz hesab edirik ki, ölkə xüsusilə yaşıl maliyyələşməyə istiqamətlənir.

Keçən il biz aqrobiznes sahəsində bir layihəni maliyyələşdirdik və bu il özəl sektorun ilk günəş enerjisi layihəsini – Garadagh Solar Project (Azərbaycanın Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 meqavatlıq (MVt) günəş elektrik stansiyası) maliyyələşdirdik. Biz çalışırıq dövlət sektorunda layihələrinin maliyyələşdirilməsində əsas tərəfdaş olaraq qalaq və həmçinin Azərbaycanda özəl sektorun gələcək inkişafına töhfələrimizi artırmaqda maraqlıyıq.

– ADB növbəti 5 il üçün Azərbaycanla tərəfdaşlıq strategiyası üzərində işləyir. Bu strategiya əsasən hansı istiqamətləri əhatə edəcək?

– Həm dövlət, həm də özəl sektorun resurslarından istifadə edərək, biz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq dayanıqlı iqtisadiyyatın qurulması məqsədlərinə dəstək olmaq üçün ölkənin prioritetlərini müəyyən edəcəyik. Qeyd edildiyi kimi, özəl sektor davamlı inkişafa nail olmaq üçün zəruri olan prioritetlər sırasındadır.

– Asiya İnkişaf Bankı Azərbaycanda hansı enerji layihələrinin maliyyələşdirilməsində maraqlıdı?

– Azərbaycanda daha çox yaşıl təşəbbüslərin həyata keçirildiyini görməkdən çox şadıq. Bu, ölkə və inkişaf bankları üçün gözəl fürsətdir. Bildiyiniz kimi, biz BƏƏ-nin “Masdar” şirkətinin və Azərbaycanın birgə layihəsi olan Qaradağ Günəş Elektrik Stansiyasının maliyyələşdirilməsi ilə bağlı saziş imzalamışıq. Bu, ölkənin yaşıl enerji sektorunda əlamətdar layihədir. Biz bərpa olunan enerji sahəsində özəl sektorun yeni layihələrini səbirsizliklə gözləyirik. Təmiz enerjidən istifadənin genişləndirilməsinə töhfə verəcək layihələri dəstəkləmək əsas prioritetlərimizdəndir.

– ADB gələcəkdə Azərbaycanda hansı maliyyə alətlərini tətbiq etməyi planlaşdırır?

– Özəl sektorun maliyyələşdirilməsində ənənəvi maliyyə alətləri – borclanma və kreditlər, istifadə olunur. Regionun digər ölkələrində olduğu kimi, biz risk kapitalına alternativ olaraq istiqrazları nəzərdən keçiririk. Səhm kapitalı, zəmanətlər Azərbaycanın özək şirkətləri, həmçinin, dövlət müəssisələri üçün əlçatandır.

– Bu maliyyə məhsullarına özəl sektorun hər hansı təklifi və ya marağı varmı?

– İlkin olaraq, hər hansı bir şirkətin maliyyə ehtiyaclarını təhlil edirik və mümkün dəstək mexanizmlərini qiymətləndiririk. Hazırda biz müxtəlif sahələrdən olan özəl müəssisələrlə onları mühüm maliyyə alətləri ilə təmin etmək üçün danışıqlar aparırıq. Bu alətlər bir neçə layihəni həyata keçirməyə kömək edə biləcək.

terefsiz.az