“Addım” (“Step”) fotosərgisinin təntənəli açılış mərasimi keçirilib

0
405

1 noyabr 2019-cu il. Akademiyanın operatorluq kursunun bir qrup dinləyicisinin “Addım” (“Step”) fotosərgisinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Televiziyasının əməkdaşları və Akademiyanın müəllim-dinləyici heyəti iştirak ediblər.

Terefsiz.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Faiq Hüsiyev bildirib ki, bu cür sərgilərin keçirilməsi həm dinləyicilərin Akademiyada mənimsədikləri bilikləri, əldə etdikləri təcrübəni bariz şəkildə nümayiş etdirir, həm də digər müdavimlərin fotoqrafiya zövqünün formalaşmasına müsbət təsir göstərir.

Mərasimdə Akademiyanın müəllimi Hüseyn Hüseynov, AzTV-nin baş operatoru, Əməkdar incəsənət xadimi Fazil Hadıyev, qocaman operator, Əməkdar mədəniyyət işçisi Nəriman Şixəliyev, AzTV-nin ictimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru Sərvər Bayramov, Akademiyanın müəllimləri – Əməkdar artist Nərgiz Cəlilova, Əməkdar artist Sevda Ağazadə, operatorluq kursunun dinləyicisi Allahverdi Məmmədov çıxış edərək, sərginin açılışı münasibətilə foto müəlliflərini, eləcə də Akademiyanın rəhbərliyini təbrik ediblər. Natiqlər bildiriblər ki, yüksək səviyyədə dərslərin keçirilməsi ilə yanaşı Akademiyada bu cür sərgilərin təşkil olunması çox təqdirəlayiqdir. Çünki belə tədbirlər digər müdavimlərin də yeni ideyalarla çıxış etməsinə səbəb olacaq. Onlar foto müəlliflərinə yaradıcılıq işlərində uğurlar arzulayıblar.

Sərgidə Arzu Mürvətovanın “Sülh yağışı” (“The rain of peace”), “Bizi heç vaxt unutmayın” (“Never forget us”), Allahverdi Məmmədovun “Namaz vaxtı” (“During a prayer”), Heç vaxt təslim olma!” (“Never give up!”), Xəyal Abbasovun “Mən varam!” (“I exist!”), “Əks” (“Reflection”), “Təbiəti qoruyaq” (“Let’s protect the nature”), Samir Abdullayevin “Yeganə dostum Xəzər” (“My only friend Caspian Sea”), “Qorxu” (“Fear”), Baxış” (“Look”), Elmir Quliyevin “Mənim evim” (“My house”), “Qaqarin demişkən” (“As Gagarin said”), Vüqar Əliyevin “Mənzərə” (“Landscape”), “Hamıdan gözəl mənəm” (“I’m more beautiful than everybody”) və Cavid Nəcəfovun “Eksperiment” (“Experiment”) adlı fotoları nümayiş olunub. Qrupun rəhbəri Hüseyn Hüseynovdur.

Tədbir sərgiyə baxışla yekunlaşıb.

TEREFSİZ.AZ