Afrika ölkələri ikinci koronavirus dalğasının yayılması ehtimalı üzündən Çində Afrika mənşəli insanlara edilən arzuolunmaz rəftara və ayrı-seçkiliyə reaksiya verib.
Bununla bağlı “Anadolu” agentliyi xəbər yayıb.
Çinin Quanço başda olmaqla, bir çox şəhərində xarici vətəndaşların, xüsusən də qaradərililərin koronavirusun ikinci dalğasına görə məsuliyyətə cəlb edilməklə evlərindən qovulduqlarına dair iddialara, ticarət mərkəzləri, restoranlar və xəstəxanalar da daxil olmaqla, ictimai yerlərə girişlərinə qadağa qoyulması və küçələrdə döyülmələrinə Afrikadan sərt reaksiya verilib.
Çindəki Afrika ölkələrinin səfirləri Çinin Xarici İşlər naziri Van İni koronavirusun afrikalılar tərəfindən yayıldığı təəssüratını yaradan bu ayrı-seçkiliyə son qoymağa çağırıblar.
“Qaradərili vətəndaşlara məcburi test, karantin və digər qeyri-insani rəftarın dərhal dayandırılmasını tələb edirik”, – deyə çağırışda qeyd olunur.
Afrika Birliyi Komissiyasının prezidenti Musa Faki Məhəmməd Pekin rəhbərliyindən Afrika ilə Çin arasında normal münasibətlərə uyğun olmayan məsələ ilə bağlı düzəlişlər edilməsini istəyib.
Çin rəsmiləri isə hadisələrin fərdi hal olduğunu iddia edərək, afrikalıların ayrı-seçkiliyə məruz qaldıqları ittihamlarını rədd ediblər.