Aİ səfiri: “Azərbaycan hərbçisinə qarşı kobud rəftarın görüntüləri təəssüf doğurur”

0
127

“Bütün məhbuslarla beynəlxalq humanitar hüquqa uyğun davranılmalıdır”.

“Terefsiz.az” xəbər verir ki, bunu “Report”a açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib.

O, Azərbaycan hərbçisinə qarşı qeyri-insani rəftarın əks olunduğu videogörüntüləri “çox təəssüfləndirici” adlandırıb.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

terefsiz.az