Aİ səfiri Ukraynaya humanitar yardıma görə Azərbaycana təşəkkür edib

0
95

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizə Ukraynaya növbəti humanitar yardım göndərdiyinə görə təşəkkür edib.

“Terefsiz.az” xəbər verir ki, Aİ səfiri bu barədə tviterdəki hesabında yazıb.

“Ukraynaya növbəti humanitar yardım göndərdiyi üçün Azərbaycana dərin minnətdarlıq və təşəkkür edirəm. Bu, dəhşətli cinayətin fəsadlarına, Kaxovka (Kaxovka su elektrik stansiyasının (SES) bəndinin dağıdılması – red) bəndinin dağıdılmasına müqavimət göstərməyə kömək edir.

Rusiya təcavüzkarları cavab verəcəklər. Mülki infrastrukturun məhv edilməsi müharibə cinayətidir”, – Peter Mixalko qeyd edib.

Xatırladaq ki, Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə iyunun 9-da Ukraynaya humanitar yardım göndərilib. Humanitar yardıma tullantı sularını vurmaq üçün tutumu 400 kubmetr olan iki ədəd VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1 000 metrdən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 ədəd motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 ədəd qızdırıcı fen, 20 ədəd sukeçirməyən gödəkçə, hər birindən 40 dəst olmaqla yay və qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici önlük daxildir.

terefsiz.az