Alimlərdən şoka salan açıqlama: Bitkilər qışqıra bilir

0
174

Quraqlıq və ya başqa fiziki zədələnmələrdən əziyyət çəkən bitkilər ultrasəs “qışqırıqları” xaric edə bilirlər.

Terefsiz.az bildirir ki, İsrail alimlərinin yeni araşdırması bu barədədir. Alimlər həssas mikrofonlar quraşdırmaqla pomidor və tütün bitkilərininin səsini qeydə ala biliblər.

Qeydlər göstərib ki, müxtəlif bitki növləri zədələnmə növündən asılı olaraq fərqli səslər çıxara bilir. Quraqlıqdan əziyyət çəkən pomidor bitkisi saatda 35 ultrasəs xaric edib. Budağı qırılmış bitkidə isə bu sürət saatda 25-ə bərabər olub. Susuzluqdan əziyyət çəkən tütün saatda 11 siqnal, onun kəsilmişi 15 siqnal ötürüb.

Heç bir təsirə məruz qalmayan bitkilərin siqnal sayı isə daha azdır.

İnsan qulağı bu “qışqırıqları” eşitməyə qadir deyil. Çünki onların səs diapazonu 20-100 kilohers arasında dəyişir. Lakin digər bitkilər və bəzi heyvanlar bu səsi eşidə bilirlər.

Alimlərin fikrincə, onların araşdırması kənd təsərrüfatında xeyirli ola bilər. Belə ki, xüsusi ötürücülər quraşdırmaqla əziyyət çəkən bitkilərə vaxtında yardım göstərmək mümkün olacaq.

istinad:oxu.az