Amerikalı ekspert: Ermənistan “yatmış əjdaha”nı oyada bilər

0
268

Ermənistan Azərbaycana qarşı təbliğat kampaniyasını davam etdirdikcə və öz əsgərlərini bu ölkənin ərazisində saxladıqca, bir müddət əvvəl Rusiya və ATƏT tərəfindən Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması məqsədi ilə təşkil olunan danışıqlar uğursuzluğa məhkumdur.

Bunu Azernews-a müsahibəsində Azərbaycan və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

Ekspert qeyd edib ki, Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın Baş naziri Nikol Paşinyan konkret mövqe nümayiş etdirməyib. Belə ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hələ ki regionda təcavüzkar ölkə olaraq qalır.

P.Teys aprelin 10-11-də Nikol Paşinyanın Avropa Şurasında Azərbaycana qarşı təxribatçı çıxışını xatırladıb:

“Paşinyan bəyan edir ki, Azərbaycan güc tətbiq etməkdən və hərbi ritorikadan çəkinməlidir. Erməni nazir bu bəyanatı ilə beynəlxalq ictimaiyyəti və Avropa Şurasını aldatmağa çalışır. Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğalda saxlayır. Bu ərazilər Azərbaycanın suveren əraziləridir. BMT və onun üzv dövlətləri tərəfindən bu cür tanınır”.

Ekspertin sözlərinə görə, N.Paşinyan beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq regionda dayanıqlı sülh, təhlükəsizlik və iqtisadi inkişafın təmin olunması məqsədilə erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün qısa zamanda addımlar atmalıdır.

P.Teys vurğulayıb ki, Ermənistanın Baş naziri ikitərəfli danışıqlarda əldə olunmuş istənilən irəliləyişi ləngidəcək bütün diplomatik vasitələrdən istifadə edir:

“Paşinyana təzyiq göstərilməsi üçün Yerevana qarşı beynəlxalq iqtisadi sanksiyalar və onun Cənubi Qafqazda aqressiv fəaliyyətinin daim pislənilməsi çox vacibdir. Yalnız erməni qoşunlarının Azərbaycanın suveren ərazilərindən tam çıxarılmasından sonra uzunmüddətli nəticələrə nail olmaq mümkündür”.

Ermənistanın müdafiə naziri David Tonoyanın hərbi əməliyyatların Azərbaycan ərazilərinə keçməsinin mümkünlüyü barədə bəyanatını şərh edən ekspert bildirib: “Ermənistanın NATO-da keçmiş nümayəndəsi olan Tonoyan yeni vəzifəsində diqqətini daha çox Ermənistan ordusunda hərbi qulluqçuların qida təminatının həcminə yönəltməlidir. Onun açıqlamaları Bakını qorxutmayacaq. Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika, mütərəqqi silah texnologiyası və vətənpərvərliyin yüksək səviyyəsinə görə dünya orduları arasında ilk onluğa daxildir. Tonoyanın qüvvələri hərbi əməliyyatlara başlasalar, Azərbaycan tərəfindən qarşısialınmaz bir cavab alacaq. Qədim latın atalar sözündə deyildiyi kimi: “Yatmış əjdahanı heç vaxt oyatma!”

Terefsiz.az