Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi – RƏSMİ

0
209

Anası tərəfindən evdə zəncirlənən azyaşlı oğlan uşaq müəssisəsinə yerləşdirilib.

 

Terefsiz.az saytı xəbər verir ki, bu barədə oxu.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə məlumat verib.

R.Süleymanzadə bildirib ki, oğlan azyaşlı olduğu üçün onun hansı müəssisəyə yerləşdirildiyini açıqlaya bilməzlər:

“Hazırda Bakı Şəhər Prokurorluğunda faktla bağlı cinayət işi açılıb. Ananın azyaşlı uşağını evdə zəncirləyərək saxlaması komitəni də narahat edən məsələdir. Hazırda bu məsələ komitənin rəhbərliyinin diqqət mərkəzindədir”.

Qeyd edək ki, 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı tərəfindən kirayədə yaşadıqları Nəsimi rayonu, Cavadxan küçəsi, 56 saylı evin 91-ci mənzilində nadinc hərəkətlər etdiyinə görə ayağından zəncirlə bağlamaqla qanunsuz azadlıqdan məhrum edilməsinə əsaslı şübhələr olduğundan faktla əlaqədar avqustun 21-də Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Terefsiz.az