Terefsiz.az saytı xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda bitki sağlamlığı və fitosanitar nəzarəti üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı yaradılan komissiyanın işçi qruplarının iclası keçirilib.
AQTA-dan verilən məlumata görə, işçi qruplar tərəfindən Bitki sağlamlığına nəzarət üzrə qanunvericiliyin təkmilləşdirilməsi, əkintəyinatlı torpaq sahələrində bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən istifadəyə dair monitorinqlərin aparılması, bitki mühafizəsi vasitələrinin qeydiyyatı, dövriyyəsinə və istifadəsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin, bitki mənşəli məhsullarda aqrokimyəvi maddələrin və pestisidlərin qalıqlarının monitorinqi proqramının hazırlanması və icrasının təmin edilməsi müzakirə edilib.
İclasda beynəlxalq təcrübə nəzərə alınmaqla, bitki sağlamlığı ilə bağlı risklərin təhlili mexanizminin yaradılması, qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektləri ilə bağlı mövcud vəziyyətin araşdırılması və bu sahədə problemlərin müəyyənləşdirilməsi, zərərvericilərdən azad zonaların yaradılması, əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə inteqrir mübarizə tədbirləri sisteminin hazırlanması və tətbiqi üzrə məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Müzakirə olunan məsələlərlə bağlı təkliflər irəli sürülüb.
Sonda görülən işlərə dair hesabatın ayın sonunadək Komissiya rəhbərinə təqdim edilməsi ilə bağlı tapşırıqlar verilib.
İstinad: report.az
Terefsiz.az