ARDNF bu il aktivlərini 1%-ə yaxın artırıb

0
76

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə nisbətən 0,8% artaraq 45 386,4 milyon ABŞ dolları təşkil edib.

“Terefsiz.az” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində ARDNF-in büdcə gəlirləri 11 365,9 milyon manat, büdcə xərcləri isə 6 566,9 milyon manat olub.

Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 15 886,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 106,2 milyon manat, bonus ödənişlərindən 768,7 milyon manat, tranzitdən 7,2 milyon manat, akrhesabı ödənişlərdən isə 4,8 milyon manat gəlir əldə edib, əvəzində aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən 4 521 milyon manat zərər edib.

Hesabat dövründə qurum 2022-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 6 542 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 8,1 milyon manat yönəldib, idarəetməyə isə 16,8 milyon manat xərcləyib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-in büdcədənkənar xərcləri 4 185,2 milyon manat təşkil edib.

“Bu ilin III rübünə qədər beynəlxalq maliyyə bazarlarında yaşananlar ARDNF-in investisiya portfelində də öz əksini tapıb. Belə ki, qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geo-siyasi gərginliyin dərinləşməsi və Çin-ABŞ ticarət zəncirinin tam bərpa olmaması maliyyə bazarlarının qabaqcıl risklərindəndir və bu sadalananlar maliyyə aktivlərinin qiymətlərinə mənfi təsir edib. Həmçinin II rüblə müqayisədə iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasətinin inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi və Böyük Britaniyadakı hakimiyyətin fiskal siyasətindəki qərarsızlıq son rübdə investorlar tərəfindən əlavə çağırışlar kimi səciyyələnir ki, bu da həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olub. Eyni zamanda, ABŞ Mərkəzi bankının inflyasiya tədbirlərinin, o cümlədən əhəmiyyətli faiz artımının digər ölkələr ilə müqayisədə daha böyük olması və daha öncə baş tutması ABŞ dollarına tələbə əlavə dəstək olub və nəticədə digər ölkələrin valyuta məzənnələrinin dollara nisbətdə əhəmiyyətli dəyərsizləşməsinə səbəb olub. Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-in də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80%-i) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-in də investisiya portfelində realizə edilməmiş müvəqqəti geriləmələrlə müşahidə olunub”, – deyə Fondun açıqlamasında qeyd olunub.

terefsiz.az