Avstraliyada ŞOK əməliyyat: Azərbaycandan göndərildiyi iddia olunan 5.6 milyon dollarlıq narkotik tutuldu

0
162

Avstraliyada Azərbaycandan göndərildiyi iddia edilən külli miqdarda narkotik vasitə ələ keçirilib.

Terefsiz.az xəbər verir ki, Yeni Cənubi Uels ştatının polis idarəsindən açıqlanan məlumatda qeyd edilib ki, insident nəticəsində həbs olunan 48 yaşlı kişidən ümumi dəyəri 5.6 milyon dollar olan metamfetamin və ya jarqonda “buz” adlandırılan stimullaşdırıcı narkotik təsirə malik maddə götürülüb.

Yerli polis bildirib ki, sərhəd məmurları bu ilin sentyabr ayının 8-də Azərbaycandan gələn və içində pərdə olduğu bildirilən yükə baxış keçiriblər. İlk etapda çantada həqiqətən də beş ədəd pərdə olduğu məlum olub.

Amma daha sonra onlardan birini kəsiblər və içində hansısa yumşaq maddə olduğu aşkarlanıb. Yoxlamalar göstərib ki, pərdələrin arasında metamfetamin maddəsi keçirilmək istənib.

Məlumatda qeyd olunub ki, hər pərdənin içərisində təxminən 1.5 kq dərman olub.

Ümumilikdə 7.5 kq-a yaxın narkotik maddənin “qara bazar”dakı dəyəri 5.6 milyon dollar həcmində qiymətləndirilir.

Polis araşdırmasından sonra 25 sentyabr 2019-cu ildə Kastl Hill sakini 48 yaşlı kişi saxlanılıb. O, Feyrfild Polis Bölməsinə aparılıb. Yerli polis tutulan şəxsin adını açıqlamayıb, amma Avstraliyanın “The Sydney Morning Herald” qəzeti yazıb ki, bu Kastl Hill sakini Art Zahedidir.

Bir gün sonra Feyrfild məhkəməsi saxlanılan şəxsin zaminlə azadlığa buraxılmasından imtina edib və onun məhkəməsi davam etdiriləcək.

İstinad: Media.az

Terefsiz.az