Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər maşınlara plyonka vurulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, avtomobillərin arxa qapılarına pərdə və plyonka çəkilməsinə görə sürücülər barədə inzibati qaydada tənbeh tədbiri görülməyəcək:
“Bu, o deməkdir ki, yol polisi belə avtomobilləri idarə edən sürücülərə qarşı cərimə tətbiq etməyəcək. Burada söhbət yalnız arxa sağ və sol qapı şüşələrindən gedir”.
Qeyd edək ki, son günlər Bakıda qabaq alın və bütün qapıların yan şüşələrini plyonka ilə bağlayan sürücülərin sayı artıb.
Onu da bildirək ki, Vaqif Əsədov belə bir açıqlama versə də, qanunla avtomobillərə plyonka vurmağa icazə yoxdur.
Belə ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.
Bu qanunun tələblərinə əsasən, işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.
Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən, avtomobillərdə sürücü üçün görünüşü təmin edən şüşənin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:
Küləyə qarşı şüşələr üçün – 75 faiz
Küləyə qarşı olmayan digər şüşələr üçün – 70 faiz
Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.
Həmçinin, Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.
İstinad: Oxu.az
Terefsiz.az