Azərbaycan İstanbulda Türk Dünya Tibb Konqresində təmsil olunur

0
106

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti İstanbulda keçirilən Türk Dünya Tibb Konqresində iştirak edir.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Konqresdə ölkəmizi səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Türk Tibb Dünyası Konqresinin ilk günündə “Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusuna həsr olunmuş panel sessiyalar keçirilib.

Türkiyəli professor Hasan Hüseyin Yıldırımın moderatorluğu ilə “Dayanıqlı qlobal təchizat zənciri idarəetmə modellərinə töhfə” mövzusunda panel müzakirələr aparılıb. Sessiyada çıxış edən Azərbaycan səhiyyə nazirin müavini Rasim İsmayılov ilk olaraq koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər haqqında və əldə olunmuş uğurlu nəticələr barədə məlumat verib.

R.İsmayılov çıxışının davamında koronavirus pandemiyasının istehsalçı və istehlakçı davranışına əhəmiyyətli dərəcədə təsiri, mövcud vəziyyətdə təchizat zəncirlərinin fasiləsiz işləməsi üçün yeni yanaşmaların və alətlərin vacibliyini vurğulayıb: “Bir çox ekspertlər və bazar iştirakçılarının qənaətinə əsasən, tədarük zəncirlərinin yenidən qurulması üçün əsas yanaşmalardan biri “xəritələmə” – təchizat zəncirinin xəritələnməsi, yəni bütün təchizat zəncirinin vizuallaşdırılması olmalıdır. Təchizat zəncirlərinin “xəritələnməsi” təchizatçıları, paylama mərkəzlərini, nəqliyyat marşrutlarını və əsas bazarların coğrafi yerini sistematik şəkildə qiymətləndirməyə imkan verir. Təchizatçıların seçimini apararkən diqqəti xərcləri minimuma endirmək deyil, riskləri minimuma endirməyə yönəltmək lazımdır”.

Türk Dünya Tibb Konqresi ilə paralel olaraq “Türk dünyası səhiyyə biznes sərgisi” keçirilir.

Konqres çərçivəsində sabah TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclası baş tutacaq. Görüşdə səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr və gündəmdəki digər məsələlər ətrafında geniş müzakirələr aparılacaq. Eyni zamanda, səhiyyə nazirlərinin toplantısında növbəti konqresin keçiriləcəyi ölkə müəyyən ediləcək.

Sonda dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancarın adını daşıyan mükafatın təltifetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, səfər zamanı Azərbaycan səhiyyə naziri Teymur Musayevin Türk Dünya Tibb Konqresinin iclasında çıxışı, təşkilatın üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri, qardaş Türkiyədə çalışan azərbaycanlı həkimlərlə görüş nəzərdə tutulub.

Türk Dünya Tibb Konqresi öz işini oktyabrın 31-də başa vuracaq.

terefsiz.az