“Azərbaycan Ermənistanla əbədi sülhə hazır olduğunu bildirib, çünki yalnız iki yol var – əbədi sülh və ya əbədi müharibə”.
“Terefsiz.az” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Xankəndinin azad edilməsinə çox yaxın olub: “Amma bu addımın ordu ilə mülki şəxslər arasında qarşıdurmaya səbəb olacağını başa düşən ölkə rəhbərliyi bunu etməmək qərarına gəlib”.
H.Hacıyev azərbaycanlılarla Qarabağ ermənilərinin bir ölkənin vətəndaşı kimi birlikdə,dinc yaşamasının mümkünlüyünü də vurğulayıb: “İndi bu, Azərbaycanın daxili məsələsidir. Mövcud məsələlərin həlli üçün vasitəçi kimi Minsk qrupuna müraciət etməyə çalışanlara bir mesajım var: həm bu qrup, həm də vasitəçinin tələb olunduğu beynəlxalq problem yoxdur”.