Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 illiyidir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk Müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.
Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi.Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Daha sonra hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Növbəti parad isə 2018-ci ildə Ordumuzun 100 illiyinə həsr olundu. Son illər ərzində Azərbaycanda ordu quruculuğuna kifayət qədər böyük məbləğ ayrılıb, Silahlı qüvvələrimiz müasir silah növləri ilə təchiz edildi və Cənubi Qafqaz regionunda ən güclü ordu yaradıldı.
Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
2020-ci il Azərbaycan xalqı, ordusu üçün xüsusi il oldu. Həmin ilin iyul ayında Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində təxribata cəhd etdilər. Bu zaman Azərbaycan Silahlı Qüvvələri təxribat cəhdinin qarşısını qətiyyətlə aldı. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz 2020-ci il sentyabrın 27-də ermənilərin növbəti təxribatından sonra Ali Baş Komandanın göstərişi ilə əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Hazırda Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda,Hadrutda dalğalanır. Vətən müharibəsi ilə qəhrəman əsgərlərimiz düşmən ordusunu tamamilə məhv etdi. Bu qələbə ilə şəhidlərimizin qisası alındı.
2020-ci il dekabrın 10-də Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub.
Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib. Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar – “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar – zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir.
2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu gün də Vətən müharibəsində ordumuzun ələ keçirdiyi düşmənə məxsus hərbi qənimətlər bu parkda nümayiş etdirilir.
Tarixi zəfərdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək.
Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu hesab edilir.
TEREFSİZ.AZ