Azərbaycanda bank kartları ilə ödənişlərin ümumi məbləği 55% artıb

0
102

Bu ilin I yarısında Azərbaycanda bank kartları ilə 24,6 milyard manatlıq ödəniş edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54,5 % çoxdur.

“Terefsiz.az”  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, ötənilki ödənişlərin 9,9 milyard manatlıq hissəsi nağdsız ödənişlərdir. Bu isə 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur.

İl ərzində ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 12,2 faiz bəndi artaraq 40,4 %-ə çatıb.

Kartlarla nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. Hesabat dövründə elektron ticarət əməliyyatlarının sayı 2,3 dəfə artaraq 105 milyon ədəd, ümumi məbləği isə 2,8 dəfə artaraq 7,4 milyard manat olub.

Hesabat dövründə təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı 93 % artaraq 82,4 milyon ədəd, ümumi məbləği isə 41,2 % artaraq 2,5 milyard manat təşkil edib. O cümlədən POS-terminallarla aparılan təmassız ödənişlərin sayı illik müqayisədə 2,8 dəfə artaraq 73,3 milyon ədəd, ümumi məbləği isə 2,1 dəfə artaraq 2 milyard manat olub.

terefsiz.az