Azərbaycanda böyük qazanc gətirəcək filmlər çəkmək üçün nə çatışmır?

0
145

Pandemiya dövründə bütün dünyada kino sənayesində bir çöküş yaşansa da, hazırda bu sahə də dirçəlməyə cəhd göstərənlər arasındadır. Kinoteatrların bir müddət bağlı qalması tamaşaçılarda kinoya qarşı “aclıq” yaratdı. Eləcə də bir müddət sənətdən uzaq qalmış rejissor, aktyor heyəti də nə olur-olsun çəkiliş meydançalarına qayıtmağa çalışdılar. Bu hal Azərbaycanda da yaşanır. Son dövrlərdə kinoteatrlara yerli istehsal olan filmlərin gəldiyini müşahidə etmək olar. Bəs görəsən postpandemiya dövrü maliyyə baxımından əvvəlki itkiləri bərpa edə biləcəkmi? Ümumiyyətlə, ölkəmizdə kino sahəsi nə dərəcədə gəlirlidir? Kino sənayesinin ümumi iqtisadiyyata birbaşa və dolayı töhfəsi necə ölçülür?

Ssenarist və rejissor Valeh Əhmədov bu sahəyə 2010-cu ildə teleserial sektoruna keçidlə başlayıb. O qeyd edib ki, həmin dövrlərdə dövlətin xarici teleserialların ölkədə yayımını bir müddətlik qadağan etməsi milli serialların inkişafı baxımından müsbət addım olub:

“Biz həmin ildə “Aramızda qalsın” serialı ilə başladıq. Bu teleserial bu sektorun davamlı olması üçün təkan oldu və bu günə kimi komanda olaraq serial istehsal edirik. Hazırda televiziyalar serial çəkməkdə maraqlıdırlar, təmiz rəqabət gedir, serial sektoru fəaliyyətini davam etdirir və öz-özünü təmin edir. Bu isə yeni iş yerlərinin açılmasına, yeni kadrların ortaya çıxmasına səbəb olur.

Film sektoruna gəldikdə, seriallardan bir müddət sonra yerli istehsalçılar davamlı film çəkməyə, izləyicilər kütləvi şəkildə kinoteatrlara getməyə başladılar. Pandemiyadan öncə, 5-6 film xaricində böyük gəlir gətirən film olmayıb. Çox hallarda filmlər çəkilən xərclə baş-başa gəlirdi. Bunun nəticəsində isə sektorda çalışan insanların müəyyən qədər qonorarları olurdu. Bunu müsbət hal kimi dəyərləndirmək olar. Pandemiyadan öncə komediya filmləri uğur gətirirdi və gəlirli filmlərin də hamısı məhz bu janrda idi. Belə filmlər bütünlüklə özəl sektorun payına düşür. Dram filmlərinin isə nəinki gəlirləri olmadı, heç çəkilən xərci də ödəmədi”.

V. Əhmədov pandemiyadan az öncə komediya filmlərinin də artıq əvvəlki kimi izlənmədiyini deyir: “Bunu bəzi mütəxəssislər mövzu eyniliyi ilə, bəziləri isə insanların yeni janra ehtiyacının olması ilə əlaqələndirirdi. Pandemiyadan sonra bir çox film istehsalçıları film çəkməyə həvəsli olmadılar. “Zəhər tuluğu” filmi dram janrında olmasına, karantin qaydalarının təzə-təzə yumşalmasına rəğmən, uğurla izlənildi və indi dram filmlərinin izlənməsinə ümidi artıb.

Ölkəmizdə film, serial sahəsində gələcəyi düşünən vicdanlı və bilikli istehsalçılar var. Lakin sırf gəliri düşünüb, bədii tərəfi bir kənara atan, bəzən sektoru riskə atan istehsalçılar da var. Düşünürəm, daha böyük inkişaf filmlərimizin və seriallarımızın ölkə xaricində ciddi uğur qazanmasından sonra başlayacaq. Bunun üçün isə sektora canını qoyan insanlar bir araya gəlməli, kinoteatra gələn kütləni nəinki qorumaq, onları küsdürməmək, hətta onların sayının artmasına görə ciddi müzakirələr aparmalıdır”.

Rejissor hesab edir ki, filmin çəkilməsi üçün güclü maliyyəyə ehtiyac var:

“Lakin böyük maliyyənin olması heç də güclü bir filmin ortaya çıxacağına işarə deyil. Çünki böyük maliyyə ayrılıb, uğur qazanmayan filmlərin də sayı az deyil.

Filmə sponsorlar da can atmalıdır. Tək öz maraqlarını güdmək üçün deyil, inkişafda rol oynamaq üçün maliyyə xərcləməlidirlər. Bir filmə pul ayırarkən həmin filmin istehsalçılarının məqsədlərini araşdırmalı, potensiallarını düzgün dəyərləndirməlidirlər. Yoxsa ucuz reklamlarla məhsulunu qabarıq şəkildə reklam etməklə, sektora ziyan vuran insanlara maliyyə ayırmaqla heç bir nəticə əldə edə bilmərik”.

V.Əhmədov bu sahənin inkişafı üçün təklif edir ki, gələcəkdə dövlət sifarişli filmlərin bəziləri kommersiya xarakterli də olsun: “Doğrudur, əslində bu anlayış da yanlışdır, hər bir film özü kommersiya maraqları olan bədii işdir. Misal üçün, sırf festival üçün çəkilən filmlər də olmalıdır, kiçik büdcələrlə vicdanlı özəl istehsalçılara 8-10 film də sifariş edilməlidir. Beləcə, bu filmlər də kinoteatrlarda öz işini görsə, əlavə gəlir də gətirsə, gələcəkdə filmlərin büdcəsinin artırılması avtomatik olacaq.

Əgər beynəlxalq standartlara cavab verən ümumbəşəri mövzularda filmlər istehsal edə bilsək, ölkəmizdə də, kənarda da bu filmlər izlənsə, ölkə iqtisadiyyatına da böyük xeyiri olacaq. Xeyli sayda yeni iş yerləri açılacaq, studiyalar, platolar inşa ediləcək, hətta bir çox nüfuzlu istehsalçılar da, xarici investorlar da maraq göstərəcək.

Mən bizim insanlarımızın çox istedadlı olduğuna tam səmimiyyətimlə inanıram. Sadəcə bu istedadı düzgün strategiya ilə dünyaya çıxarmaq lazımdır”.

Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva “Report”a açıqlamasında kino sahəsinin çox gəlirli olduğunu bildirib:

“Kinonun Azərbaycan iqtisadiyyatına böyük töhfələri var. Təbii ki, hər şey filmdən asılıdır. Hər film uğurlu olmur. Azərbaycanın kommersiya filmləri təxminən 2016-2017-ci illərdən daha çox inkişaf etməyə başlayıb. İlk olaraq komediya janrında kommersiya filmləri çıxmışdı. Onlar böyük maraqla qarşılanmış, kifayət qədər gəlirli olmuşdu. Lakin ondan sonra filmlər var idi ki, daha zəif işlədilər. Filmdən çox şey asılıdır. Keyfiyyətli, tamaşaçının marağını cəlb edən məhsul varsa, bu sahə çox gəlirli ola bilər”.

L.Mirzəyeva deyir ki, hələlik pandemiyadan öncə olan nəticələrə qayıda bilməyiblər:

“Azərbaycanda kinoteatrlar 18 ay müddətinə bağlı oldu. Tamaşaçıların bir qismi artıq onlayn kinoteatrlara öyrəşib. Həm də bəzi tamaşaçılarda virusla bağlı qorxu var, çalışırlar ki, kütləvi yerlərə getməsinlər.

Hazırda inkişafı görürük. Tədricən bu proses daha da yaxşılaşır. Amma hələlik əvvəlki nəticələri əldə edə bilmirik. Əgər keyfiyyətli və maraqlı film olarsa, prokatda böyük nəticə göstərəcək. Onun gəliri 100 min və ya 200 min manatı da keçə bilər. Amma elə filmlər olur ki, heç 10 min manat sərhədi də keçə bilmir”

Mənbə:”Report”

terefsiz.az