Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var.
Peşəkar Futbol Liqasından (PFL) verilən məlumata görə, hadisə bu gün “Mingəçevir” futbol komandası I Divizionun XX turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.
Komandanı aparan avtomobil yolda qəzaya uğrayıb. Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur.
Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb.
TƏBİB futbol klubunun avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin son durumunu açıqlayıb.
TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində qurumun tabeliyindəki tibb müəssisələrinə 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə yerləşdirilib.
“Onlara bud sümüyünün sınığı, döş qəfəsinin qapalı travması diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir”, – məlumatda qeyd olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı sərnişin avtobusu və “Mack” markalı yük avtomobili toqquşub, 1 nəfər sərnişin müxətlif xəsarətlərlə avtobusda sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sərnişin nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.