Azərbaycanda QANDONDURAN HADİSƏ: “Yox” dediyi üçün arvadının qulağını kəsdi, sonra…

0
160

Gəncədə arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən Goranboy rayon sakini, 1971-ci il təvəllüdlü Şıxəli Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Terefsiz.az xəbər verir ki, Şıxəli Bayramov tüfeyli həyat tərzi sürüb, ailəsinin maddi dolanışığını, normal yaşayış şəraitini təmin edə bilməyib.

Bu səbəbdən Fərqanə Bayramova baş verən hadisədən bir ay əvvəl ondan qeyri-rəsmi şəkildə ayrılıb, övladları ilə birlikdə öz valideynlərinin yaşadığı ünvana köçüb.

Bundan sonra o, Gəncədəki “Əminə” marketdə satıcı kimi işə düzəlib. Arvadının marketdə işə düzəldiyini eşidən Şıxəli Bayramov bunu kişinin namusuna xələl gətirən hərəkət kimi qəbul edib.

O, 21 avqust 2017-ci il tarixdə Fərqanə Bayramovanın yaşadığı ünvana gəlib. Ondan işdən çıxmasını, övladlarını da götürərək geri qayıtmasını, birlikdə yenidən kirayədə yaşamalarını tələb edib.

Fərqanə Bayramova və atası Mübariz Aslanov ona yalnız öz ailəsi üçün daimi və normal yaşayış şəraiti qurduqdan sonra arvadı və uşaqlarını yanına apara biləcəyini deyib.

Həmçinin Mübariz Aslanov həmin vaxta qədər Fərqanə Bayramovanın özünün və uşaqlarının maddi ehtiyaclarını ödəmək məqsədilə işləyəcəyini bildirib

Bundan əsəbiləşən Şıxəli Bayramov yumruğunu masaya çırpıb. Sonra məsələnin bununla qurtarmayacağını deyib və qayınatasının evini tərk edib.

Şıxəli Bayramov sonuncu dəfə Fərqanə Bayramovanı işdən çıxmağa və onun yanına qayıdaraq birlikdə kirayədə yaşamağa razı salmaq, əks halda işləməklə namusuna ləkə saldığını düşündüyü üçün qisas alıb, qətl törətmək qərarına gəlib.

Bu məqsədlə Şıxəli Bayramov 1 sentyabr 2017-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdən bıçaq götürüb və qayınatası Mübariz Aslanovun istifadəsində olan mobil nömrəyə zəng edib. O, Fərqanə Bayramovanın iş yerində olduğunu dəqiqləşdirdikdən sonra birbaşa “Əminə” marketin qarşısına gəlib.

Orada Mübariz Aslanovun qızını evə aparmaq üçün gəldiyini görüb, bu səbəbdən kənarda gözləyib. İş vaxtı qurtardıqdan sonra ata-qız birlikdə piyada evlərinə yollanıblar.

Şıxəli Bayramov arxadan onlara yaxınlaşaraq Fərqanə Bayramovadan sonuncu dəfə işdən çıxmasını və onun yanına qayıdaraq kirayədə yaşamasını tələb edib.

Fərqanə Bayramovanın qəti şəkildə ona etiraz etməsindən sonra hirslənən Şıxəli Bayramov onu öldürmək qərarını qətiləşdirib. Bu məqsədlə üzərində gizlətdiyi bıçağı çıxararaq əvvəlcə Fərqanə Bayramovanın sol qulağına, qadın əli ilə qanayan qulağını tutduqda bıçağın dəstəyi ilə onun sol gözünün alt nahiyəsinə, daha sonra bıçaqla Fərqanə Bayramovanın sinə nahiyəsinə ardıcıl zərbələr endirib.

Fərqanə Bayramova ondan aman diləyib, amma ərinin hərəkətlərinin dayanmadığını görüb. Bu zaman qışqıraraq təxminən üç metr irəlidə addımlayan atasını köməyə çağırıb. Mübariz Aslanov geriyə döndükdə qızının qan içində olduğunu görüb.

Sarsıntı keçirən ata onlara tərəf qaçaraq Şıxəli Bayramovdan qızını öldürməməsini xahiş edib.

Qayınatasının xahişlərinə məhəl qoymayan Şıxəli Bayramov qayınatasının gözləri önündə Fərqanə Bayramovanın başını bədənindən ayırmaq üçün boynunu bıçaqla kəsməyə çalışıb.

Mübariz Aslanov ona mane olmağa çalışıb, Şıxəli isə atanın qol nahiyəsinə zərbə endirib.

Bundan sonra Şıxəli Bayramov hadisə yerindən qaçıb.

Fərqanə Bayramova və Mübariz Aslanov ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırılıb. Onlara ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Şıxəli Bayramov hadisədən iki ay sonra həbs olunub.

İstintaq orqanı tərəfindən Şıxəli Bayramovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şıxəli Bayramov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şıxəli Bayramov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, əməlini Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsinə tövsif edilməsini istəyib.

O, həmçinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul olunması xahiş edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Şıxəli Bayramovun şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Şıxəli Bayramov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Kasasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Kasasiya şikayəti təmin olunmayıb.